Avropada evsizlər üçün sığınacaqlarda qalan qadınların və uşaqların sayı artmaqdadır

18 Noyabr 2019 23:56

Almaniyada evsizlər üçün nəzərdə tutulan sığınacaqlar hər axşam kömək üçün belə gecələmə yerlərinin müdiriyyətinə müraciət edən yeniyetmə və qadınların sayının artmasını bildirirlər. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son 5 ildə gecələr evsizlər üçün sığınacaqlarda qalan qadınların sayı ikiqat artıb. Havaların soyuması ilə əlaqədar bu il belə gecələmə yerləri adi illərlə müqayisədə iki həftə tez açılacaq.

Berlində evsizlərin yerləşdirilməsi mərkəzində AZƏRTAC-ın xüsusi müxbirinə verilən məlumata görə, AFR-də qalmağa yeri olmayan şəxslərin sayı barədə rəsmi məlumat yoxdur, lakin belə insanların təqribən 150 min nəfər olması güman edilir. Buraya küçələrdə rast gələn "bomj"larla yanaşı, belə adlandırılan "gizli evsizlər" də daxildir. Onlar zahirən kifayət qədər səliqəli görünür, lakin mənzilləri olmadığına görə dostlarının və ya tanışlarının yanında, bəzən isə iş yerində gecələyirlər.

Berlin Sosial İş Mərkəzinin əməkdaşı Adam Şmidt AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: "Əvvəllər bizim yardım mərkəzlərinə müraciət edənlərin təqribən 80 faizi kişilər, 20 faizi qadınlar olurdu. İndi isə bu nisbət dəyişib: kişilər 60 faiz, qadınlar 40 faiz təşkil edir". Şmidtin sözlərində görə, bu mərkəzlərə müraciət edən gənclərin də sayı artır. Təkcə Berlində bu mərkəzlərdəki çarpayıların 20 faizi yaşı 22-yə qədər olan adamlar tərəfindən tutulur.

Həmsöhbətimin sözlərinə görə, bu nisbətin dəyişməsi bir sıra amillərlə bağlıdır. Əsas səbəb - daşınmaz əmlakın icarə bazarında qiymətlərin yüksək olmasıdır. Aşağı əməkhaqqı alanların mənzil kirayə etməsi getdikcə çətinləşir. Qadınlar kişilərlə müqayisədə daha çətin vəziyyətdədir. Lakin həmsöhbətimin fikrincə, gənclər də bu zəif kateqoriyaya aiddir.

Milli.Az