Psevdomembranoz kolit

17 Noyabr 2019 21:52

Psevdomembranoz kolit, yəni antibiotiklərin qəbulu ilə yaranan kolit bağırsaqların kəskin iltihabi xəstəliyi olub, "Clostridium difficile" bakteriyası tərəfindən törədilir və antibakterial terapiyanın ağırlaşması kimi inkişaf edir. İshal antibiotik müalicəsi almış xəstələrin 2-26 faizində yaranır ki, onların da 10-30 faizində ishalın səbəbi C.difficile bakteriyası hesab olunur. C.difficile qrammüsbət, spor əmələgətirən anaerob mikroorqanizm olub, fekal-oral yolla ötürülür. Mikroorqanizmin patogen ştamları endotoksin A və sitotoksin B hasil edir. Xəstəlik yalnız antibakterial dərman preparatlarının - ilk növbədə ampisilin, klindamisin, III nəsil sefalosporinlərin qəbulu zamanı yaranır. Onlar normal bağırsaq mikroflorasını sıxışdırır, C.difficile bakteriyasının izafi artımına şərait yaradır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Avtandil Verdiyev  məlumat verib.

Mütəxəssisin sözlərinə görə, xəstəliyin klinik əlamətləri antibakterial müalicə fonunda yaxud müalicə qurtardıqdan sonra, yəni daha çox ilk 10 gün ərzində, az hallarda isə 6-8 həftədən sonra inkişaf edir və sulu ishal, qarında tutmaşəkilli ağrılarla müşayiət olunur. Ağır hallarda ishal çox tezləşmiş olur, yüksək hərarət, susuzlaşma, hipotenziya, nəcisdə qanın olması ilə diqqəti cəlb edir. Kolonoskopiya zamanı yoğun bağırsağın selikli qişasında sarımtıl-ağımtıl fibrikoz örtüyün aşkarlanması xəstəliyin fərqləndirici əlaməti hesab olunur. Diaqnozun qoyulmasına C.difficile-nin aşkarlanması məqsədilə nəcisin bakteriloji müayinəsi, nəcisdə A və B toksinlərinin IFA üsulu ilə aşkarlanmasına əsaslanır.

"Ola bilər ki, xəstəliyin yüngül gedişi zamanı onun aradan qaldırılması üçün antibakterial dərman vasitələrinin qəbulunun dayandırılması kifayət etsin. Ağır hallarda isə 5-nitroimidazol törəmələrindən və geniş təsir spektrli antibakterial və bakteriosid preparatlardan istifadə olunur. Bunlarla yanaşı olaraq enterosorbentlərdən və probiotiklərdən də istifadə edilir. Profilaktika nöqteyi-nəzərdən həkim göstərişi olmadan antibakterial preparatlardan istifadə edilməməlidir", - deyə A.Verdiyev qeyd edib.

Milli.Az