Facebook "Milli Şura"nı cəzalandırdı

15 Noyabr 2019 11:01

"Milli Şura"nın rəhbərliyində təmsil olunmuş şəxslərin - Əli Kərimlinin, Cəmil Həsənlinin və Gültəkin Hacıyevanın Facebook səhifələrində ciddi problemlər yaranıb. Bu şəxslərin dediklərinə görə, səhifələrinə müdaxilələr var və sonucda onların daimi təqibçilərinin, yəni səhifəni bəyənib "like" edənlərin sayı sürətlə azalır.

AXCP sədri və bloqer Əli Kərimlinin özünün iddialarına və tərəfdarlarının yazdıqlarına görə, Facebook səhifəsinlə təqibçilərin sayında sürəkli azalma var.

"Milli Şura"nın sədri, diletant siyasətçi və uğursuz professor Cəmil Həsənli bəyan edir ki, Facebook səhifəsində bəyənmələrin, paylaşmaların və "like"lərin statistikasında mənfi meyllər güclənib.

Sabiq deputat, indisə "mətin müxalifətçi" olan Gültəkin Hacıyeva isə günlərdir iddia edir ki, onun Facebook-dakı səhifəsini bəyənənlərin və daimi təqibçilərin sayı 50-60 min nəfər azalıb.

Bu üçlük onu da vurğulayır ki, baş verənlər, "heç şühbəsiz, hakimiyyətin əməlləridir". Yəni sən demə, hakimiyyət Ə.Kərimli, C.Həsənli və G.Hacıyevanın Facebook səhifələrinə müdaxilə edib, təqibçilərlə bəyənənləri bloka atıb və bu minvalla onların sosial şəbəkədəki fəaliyyətlərinin intensivliyini azaltmağa çalışıb.

Həmişə olduğu kimi,  indi də səslənən belə iddialarla ittihamlar əsassızdır.

Daha doğrusu, yalandır.

AXCP sədrinin, "Milli Şura"nın kağız üzərindəki rəhbərinin və bu marionet strukturun funksioneri olan sabiq deputatın Facebook-da üzləşdikləri problemlərin səbəbkarı elə Facebook-un özüdür.

Facebook sosial şəbəkəsi bəyan edib ki, bu il 5,4 milyard saxta hesabı bağlayıb. "Frans Pres" agentliyi yazır ki, bu, sosial mediada manipulyasiya və dezinformasiyaya qarşı savaşın davam etdiyini göstərir.

"Radio Liberty"nin verdiyi məlumata görə, Facebook saxta hesabların çoxaldığı bir dönəmdə müdafiəsini gücləndirdiyini, həmin hesablar yaranandan bir neçə dəqiqə sonra onları bağladığını bildirir.

"Saxta, manipulyasiya məqsədilə yaradılan hesabları aşkarlayaraq bloklamaq qabiliyyətimizi gücləndirmişik", - internet şirkəti son şəffaflıq hesabatında bildirir.

"Hər gün bu aşkarlama sistemləri vasitəsilə milyonlarla saxta hesab yaratmaq cəhdini önləyirik", - hesabatda vurğulanır.

Cəmi istifadəçilərin 5 faizə qədəri...

Facebook bildirir ki, bu ilin ikinci və üçüncü rüblərində saxta hesablar sosial şəbəkənin dünyadakı fəal istifadəçilərinin beş faizə qədərini təşkil edib. Bu hesabları yaradanlar özlərini mövcud olmayan şəxs, yaxud qurum kimi göstərirlər.

Sosial şəbəkə bu cəhdlərin aşkarlanmasına ciddi maliyyə ayırır. Bəzən bu hesablar müəyyən siyasi və sosial gündəmləri olan koordinasiyalı kampaniyaların tərkib hissəsi olur.

Hesabatda o da vurğulanır ki, hökumətlər istifadəçilər barədə getdikcə daha artıq informasiya tələb edirlər. Onların başında Birləşmiş Ştatlar gəlir.

Bu ilin birinci yarısında hökumətlər istifadəçi datasından ötrü Facebook-a 128 min 617 müraciət ediblər ki, bu da 16 faizlik artım deməkdir.

Bu müraciətləri göndərən hökumətlərin siyahısında ABŞ-dan sonra Hindistan, Böyük Britaniya, Almaniya və Fransa gəlir.

Facebook ABŞ-dan 82 min 461 hesabla bağlı 50 min 741 müraciət alıb.

"Biz hökumətlərin hesabla bağlı informasiya xahişini, hüquqi baxımdan etibarlılığından əmin olmaqdan ötrü diqqətlə nəzərdən keçiririk", - Facebook-un baş müşavir müavini Chris Sonderby onlayn postunda yazıb.

"Müraciəti hansı hökumətin etməsinin fərqi yoxdur", - o əlavə edib.

Əli Kərimlinin, Cəmil Həsənlinin və Gültəkin Hacıyevanın Facebook-dakı səhifələrini bəyənənlərin, "like" edənlərin əksəriyyəti saxta profil sahibləridir.

Daha doğrusu, müxalifətin radikal düşərgəsinin mənsublarının tərəfdarlarının hər birinin YouTube-da olduğu kimi, Facebook-da minimum bir neçə, əksər hallarda isə onlarla feyk profili var.

Məsələn, Ə.Kərimlinin Facebook səhifəsinə nəzər salanda bu mənzərə dərhal nəzərə çarpır. AXCP sədri və son illərdə real siyasi fəaliyyəti az qala sosial şəbəkələrdəki isteriyaya, YouTube kanallarındakı müsahibələrə dəyişmiş Ə.Kərimli günün istənilən vaxtında istənildən mövzuda nə isə yazanda dərhal həmin paylaşım bəyənilir. Bir qədər keçir, bəyənmələrin sayı həndəsi silsilə ilə artır və paylaşmaların da statistikası yüksəlir.

Like-lara əl atan profillərə baxdıqda isə çox zaman həmin profildə sadəcə, foto olur. Yəni fake, saxta profil olduğu bəllidir.

Eyni vəziyyət Cəmil Həsənlinin və Gültəkin Hacıyevanın da Facebook profillərində yaşanır.

Belə səhifələrin saxta populyarlıq və şişirdilmiş statistikasının sirri, daha doğrusu, mexanikası bəsitdir.

Məsələn, AXCP sədri Əli Kərimlinin yardımçıları, xüsusilə də partiyanın rayon təşkilatlarının rəhbərləri WathsApp messencerində çoxsaylı qapalı, profil qruplar yaradaraq işlədirlər. Ə.Kərimli nə isə yazan kimi həmin qruplarda xəbərdarlıq peyda olur və bütün tərəfdarlar AXCP sədrinin Facebook səhifəsində maksimum fəallığa səslənilir.

Zahirən dəvət formasında olan bu çağırış əslində əmr, göstərişdir. Göstərişə passiv əməl olunanda, AXCP üzvləri saxta profilləri vasitəsilə Ə.Kərimlinin profilində yüksək fəallıq və populyarlıq görüntüsü yaratmayanda isə həmin qruplarda sərt tənqidlər, hədələr, ultimatumlar başlanır.

İlk baxışdan qəribə mənzərədir: axı heç bir maddi divident vəd etməyən fəaliyyətə bu insanlar niyə razılaşırlar? Nədən Ə.Kərimlini dəstəkləyirlər?

Sualın sadə cavabı var. AXCP-nin sıravi üzvləri arasında gerçək müxalifətçilər, ideya adamları az deyil. Belə insanlar ayrı - onlar siyasi mübarizə apardıqlarını deyirlər.

Lakin əksəriyyət sonradan mühacirət etmək və AXCP sədrindən təqib olunan müxalifətçi statusunu təsbit edəcək arayış, sənəd almaq, mitinqlərə və icazəsiz aksiyalara qatılaraq polisi provokasiyalara çəkmək, kameraların obyektivlərinə düşmək, sonra da həmin kadrları yollanacağı ölkənin miqrasiya xidmətinin əməkdaşlarına "mətin və qətiyyətli müxalifətçilik" dəlili kimi göstərmək niyyətindədir.

Məhz bu adamlar sosial şəbəkələrdə trolluq edir, onlarla saxta profil yaradır, AXCP və "Milli Şura"nın funksionerlərinə virtual dəstək verirlər.

Facebook da saxta profilləri ləğvetmə kampaniyasına başlayanda təbii ki, saxtakarlıqla ayaqda duran səhifələrdə azalma, geriləmə və zəifləmə olur.

Bu, bizim radikal müxalifətin simalarından sadəcə, biridir.

Elçin Alıoğlu
Milli.Az