Elvin Əliyev hansı klublardan təklif alıb?

15 Aprel 2010 12:54
"Hazırda biz qarşıdakı oyunları düşünürük. "Xəzər Lənkəran"ı doğma meydançada məğlub etməklə, çempionluq yolunda önəmli addım atdıq. Sevinirəm ki, bu qələbədə pay sahibi oldum". Bu sözləri "Çempion" qəzetinə "Bakı"nın ikinci kapitanı Elvin Əliyev deyib.

Yayda müqaviləsi başa çatacaq futbolçu hələ ki, yeni anlaşmanı klub rəhbərliyi ilə müzakirə etməyib: "Başımız oyunlara qarışıb. Hələ ki, rəhbərliklə yeni müqavilə mövzusunda söhbətim olmayıb. Amma adını çəkmək istəmədiyim başqa klublardan dəvətlər almışam. Mən "Bakı"nın futbolçusuyam. Bu klubla ölkə çempionu olmuşam. Əgər rəhbərlik xidmətimdə maraqlı olarsa, qalıb məmnuniyyətlə xidmət edərəm".

Xatırladaq ki, Elvin Əliyev "Bakı"ya "Olimpik-Şüvəlan"dan keçib. O, Xalidu Sissoko olmayanda kapitan sarğısını daşıyır.

Milli.Az