Dünyanın din liderləri Bakıya toplaşdı

15 Noyabr 2019 10:00

Dünən Bakıda müxtəlif dini konfessiya və təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Dünya dini liderlərinin II Bakı Sammiti başlanıb.

Prezident İlham Əliyevin "Dünya dini liderlərinin II Bakı Sammiti"nin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A. Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə qərarlarından irəli gələn Sammitdə dünyanın 5 qitəsindən 70-dən artıq dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri,  həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən, Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edir.

Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin sayca ikinci Bakı Sammiti Azərbaycan Dövlət başçısının təşəbbüsü ilə başlanan və həyata keçirilən "Bakı prosesi", Multikulturalizm və İslam həmrəyliyi illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən "Dünya dini liderlərinin I Bakı Sammiti"nin, habelə, "Bakı Beynəlxalq dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi"nin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrinin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davam və inkişafıdır.

Sammitdə multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu; Şeyxülislam A.Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi; Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofibiya əleyhinə; Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti mövzuları ətrafında müzakirələr aparılır.

İkigünlük sammitdə "Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu", "Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi", "Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə", "Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti" mövzuları ətrafında müzakirələr aparılıb.

Sammitin yekunlarına dair Bakı Bəyannaməsinin qəbulu nəzərdə tutulur.

Multikulturalizm - müxtəlif xalqların vahid cəmiyyətdə birgəyaşayışı və həmrəyliyi modelidir.

Multikulturalizm - müxtəlif mədəniyyətlərin qarşılıqlı etimada əsaslanan dialoqudur.

Multikulturalizm - dinlərarası münasibətlərdə tolerantlıq nümunəsi göstərmək deməkdir.

Multikulturalizm - ölkənin siyasi-mənəvi zənginliyinin əsas göstəricilərindən biridir.

Bəşəriyyət "multikulturalizm" sözünü icad etməsə də, hələ qədim zamanlardan multikultural həyat tərzini əhəmiyyətli sayaraq bu yola üstünlük verilməsinin zəruriliyini dərk edib. Ona görə də ən qədim zamanlardan hansı ölkələrdə multikultural həyat tərzi mövcud olmuşdursa, qorunub saxlanılıb və qiymətləndirilibsə, orada real olaraq cəmiyyətin sabit həyatına və davamlı inkişafına nail olunub. Bütün bunlardan isə xalqlar və ölkələr rahatlıq tapmış və inkişaf etmək üçün şans qazanıblar. Multikultural münasibətləri formalaşdıra bilməyən, cəmiyyəti tarazlaşdırmaqda yanlışlıqlara yol verən, birtərəfli münasibət bəsləyən ölkələrdə isə yerli əhali də, qonşu xalqlar da ən müxtəlif səviyyələrdə böhranlarla üzləşib, əzab-əziyyətlə qarşılaşmalı olublar. Bütün bunlara görə multikulturalizm xalqların və ölkələrin birgəyaşayışının və davamlı inkişafının, dinc və yanaşı fəaliyyətinin hərəkətverici qüvvəsinə çevrilib.

Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir.

Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır.

Azərbaycan çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir.

Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir... Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir.

Azərbaycan həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi multikulturalizmi bir missiya kimi öz üzərinə götürüb. Biz hesab edirik ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Multikulturalizimin alternativi yalnız ayrı-seçkilik, irqçilik, ksenofobiya, islamafobiya və antisemitizm ola bilər.

Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşayıblar.

Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır.

Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olub. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur.

Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına malikdir. Qürurverici faktdır ki, Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur və bir çox dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar.

Bakı isə unikal şəhərdir. Artıq uzun müddətdir ki, burada müsəlman məscidi və atəşpərəst məbədi, katolok kilsəsi və sinaqoq, pravoslav məbədi və kirxa yanaşı mövcuddur. Onların coğrafi yaxınlığı faktı belə, yüksək tolerantlıq şəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiş etdirir və hər bir dinin əsas dəyərlərinin ümumbəşəri dəyərlərlə üst-üstə düşdüyünü təsdiq edir.

Öz mədəniyyətinə, öz tarixinə, öz ənənələrinə, öz əməllərinə hörmətlə yanaşan xalq, gərək eyni şəkildə fərqli mədəniyyətlərə də, fərqli tarixə də hörmətlə yanaşsın.

Azərbaycanda - bu qədim torpaqda həmişə müxtəlif millətlərə, mədəniyyət və ənənələrə məxsus insanlar yaşayıblar. Onların hər biri öz töhfəsini vermiş və tarixdə öz izini qoyub. Bu gün ölkəmizdə xristianlar, müsəlmanlar və yəhudilər sülh və əmin- amanlıq şəraitində yaşayırlar. Tolerantlıq anlayışı xalqımız üçün hər hansı nailiyyət deyil: bu, normadır, bu, həyat tərzidir, biz heç vaxt başqa cür yaşamamışıq. Tolerantlıq, qonaqpərvərlik, dözümlülük ənənələri xalqımız tərəfindən qayğı ilə qorunub saxlanılır, daha doğrusu, bu, Azərbaycan xalqının ən böyük sərvətidir. Azərbaycan beynəlxalq dialoqu, mədəni dialoqu dəstəkləyir.

Polietnik cəmiyyətdə vətəndaş millətçiliyi daxili birliyə malik olmuş Azərbaycan cəmiyyətinin ətraf mühiti qavraması üsuludur. Mədəni və etnik birliyə nail olmayan dövlət tolerantlıq olmadan sabitliyini təmin edə və normal inkişaf edə bilməz.

Bu gün Azərbaycan multikulturalizm siyasəti və bu sahədəki uğurları ilə dünyanın bir çox ölkələrinə, o cümlədən tarixən zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevrilib. Azərbaycan multikulturalizminin siyasi banisi məhz bunu istəyirdi.

Azərbaycan tarixini, ədəbiyyatını, mədəniyyətini, azərbaycançılıq məfkurəsini, tolerantlığı bir yerə toplayıb sistemləşdirmək və dünyaya nümayiş etdirmək ən mühüm vəzifəmizdir.

Multikulturalizm dünyada tolerantlığa, dözümlülüyə, dövlətlərarası etibarlı münasibətlərə və bütövlükdə demokratik prinsiplərin beynəlxalq münasibətlərdə bərqərar olunmasına xidmət edir. Müxtəlif mədəniyyətlərə və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir. Artıq dünyada multikulturalizm sahəsində ən optimal model kimi Azərbaycan nümunəsi öyrənilir.

Dözümsüzlüyün artması, tolerantlığın azalması və ksenofobiyanın nələrə səbəb olduğunu görməyimiz üçün dünyada bir çox örnəklər var və biz onlardan dərs almalıyıq. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə islam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir. Bu gün Azərbaycan əsl dialoq məkanına çevrilir. Bütün bunlar mənim ölkəmin bütün dinlərə və mədəniyyətlərə yüksək ehtiram bəsləməsindən xəbər verir və dövlətimiz bu istiqamətdəki fəaliyyətini gələcəkdə də davam etdirəcəkdir.

Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir. Ölkəmizin ətrafında və daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlər yaşayır. Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Tolerantlıq Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olan məsələdir. Azərbaycanda müsəlmanlarla bərabər xristianlıq, iudaizm və digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayır. Dini tolerantlıq, dini dözümlülük müasir sivilizasiyada insanların təhlükəsiz şəraitdə yaşamasının ən mühüm şərtləndirən biridir. Tolerantlıq milli dövlətlər üçün ən zəngin xəzinə və dəyərlərdən biridir.

Elçin Alıoğlu
Milli.Az