Gədəbəy icra başçısının müavini: "Rayonda 10 mindən çox ağac əkiləcək"

12 Noyabr 2019 19:53

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Gədəbəydə 5000-dən çox ağac əkiləcək.

Milli.Az bildirir ki, bunu Trend-ə Gədəbəy rayon icra başçısının müavini Vüsal Musayev deyib.

Onun sözlərinə görə, ağacəkmə tədbirləri zamanı rayonda 10 mindən çox ağac əkiləcək.

Artıq ağacların əkiləcəyi yerlər müəyyən edilib. Ağaclar Şəmkir-Gədəbəy magistral yolunun sağ və sol tərəflərində, müxtəlif yaşayış məntəqələrində əkiləcək.

V.Musayev qeyd edib ki, ağacların bitmə səviyyəsinin yüksək olması üçün yerli şəraitə uyğun olan ağacların əkilməsinə üstünlük veriləcək.

İcra başçısının müavini hazırda ağacəkmə tədbirlərinin həyata keçirilməsi üçün hazırlıq işlərinin aparıldığını söyləyib:

"Bu aksiyada bütün rayon ictimaiyyəti məmnuniyyətlə iştirak edəcək. Bu aksiya şəhərimizi gözəlləşdirib onu yaşıllaşdırmaqla yanaşı, ətraf mühitin təmizlənməsinə də töhfə verəcək. Biz bu aksiyanı alqışlayırıq".

Qeyd edək ki, noyabrın sonunda Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü həyata keçiriləcək. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək.

Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları olacaq. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, zeytun, əncir, qovaq, şaftalı, gavalı, alma, çökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkiləcək.

Milli.Az