Altsheymer xəstəliyinə tutulma riskini azaldan beş yol

17 Noyabr 2019 20:15

Altsheymer xəstəliyi sağalmaz olaraq qalır. Lakin müasir araşdırmalar xəstəliyin inkişafını ləngidən beş yolu göstərib. Mütəxəssislərin fikrincə, qida rasionuna təzə meyvə, tərəvəz və balıq daxil edənlər ümumi sağlamlığa və xüsusilə ürək-damar sisteminə müsbət təsir göstərir. Bu da birmənalı olaraq, idrak qabiliyyətlərində əks olunur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  yüksək yağlılığa mali olan yağlardan və qana tez sovrulan sadə karbohidratların qəbulunun məhdudlaşdırılması Altsheymer xəstəliyi daxil olmaqla, neyrodegenerativ xəstəliklərin (sinir sisteminin, idrakın və orqanizmin fəaliyyət pozulması) inkişafını ləngidir. Tək yaşayan insanlarda Altsheymer xəstəliyi daha sürətlə inkişaf edir. İctimai fəaliyyət burada mühüm rol oynayır. Daimi ünsiyyət beyin sağlamlığını dəstəkləyən yeni neyron əlaqələr yaradır.

Son araşdırmaların nəticələrinə əsasən, insanlar dost və qohumların ətrafında olaraq ünsiyyətdə olduğu zaman, idrakın pozulma riski daha az olur. Zehni məşqlər, stimullaşdırma Altsheymer xəstəliyinin əlamətlərinin yaranmasını ləngidir. Alimlərin fikrincə, tapmaca həllinə və stolüstü oyunlara, şahmat məşqlərinə və ya xarici dil öyrənməyə aludə olan insanların neyrodegenerasiya riski azalmış olur. Çoxsaylı araşdırmalara görə, müntəzəm məşqlər yaşla bağlı demensiyanın (beyin funksiyalarının itkisi nəticəsində yaddaş, düşüncə, danışma, qiymətləndirmə və davranışlardakı pozuntular) başlanmasını ləngidir.

Altsheymer xəstəliyinin erkən mərhələlərində olan xəstələr fiziki hərəkət aktivliyini artırarsa, idrak bacarıqlarının itirilməsi ləngiyir. Bununla yanaşı, fiziki fəaliyyət üçün optimal strategiya müəyyənləşdirilməlidir. Təəssüf ki, bu günə qədər Altsheymer xəstəliyini müalicə etmək və ya yavaşlatmaq üçün dərmanların hazırlanması istiqamətində edilən bütün cəhdlər uğursuzluqla nəticələnmişdir. Lakin tezliklə vəziyyət dəyişə bilər. Biogen şirkəti bu nailiyyətlərə çatmaq üçün irəliləməkdədir. Şirkət hazırladığı yeni preparatının sınağı üçün icazə gözləyir. Məlumatlara görə, bu preparat Altsheymer xəstəliyi olan xəstələrdə, yaddaş, nitq və məkan oriyentasiyası kimi idrak funksiyalarını yaxşılaşdırır. Preparatın təsdiqlənmə prosesi ən azı bir il çəkəcəyi qeyd edilir.

Milli.Az