Yenilənən iqtisadi modelin inkişafı üçün nəqliyyat layihələri əhəmiyyətli rol oynamağa başlayır - Deputat

9 Noyabr 2019 15:57

Yenilənən iqtisadi modelin inkişafı üçün nəqliyyat layihələri əhəmiyyətli rol oynamağa başlayır.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Onun sözlərinə görə, beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Milli Məclis üzvü əlavə edib ki, "Bir kəmər, bir yol" təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir:

"Çinin beynəlxalq münasibətlər sistemində artan rolu, yeni regionlara çıxış əldə edərək iddialı iqtisadi layihələr həyata keçirməsində özünü büruzə verir. Tarixi İpək Yolunun yenidən bərpasına hədəflənən "Bir kəmər, bir yol" (One Road One Belt) layihəsi, Çin məhsullarının bir neçə istiqamətdə qərb bazarlarına çıxarılmasını təmin edərək, rəsmi Pekinin dünya iqtisadiyyatında dominantlığını gücləndirmək məqsədi daşıyır. Layihənin dəhlizi Mərkəzi Asiya - Cənubi Qafqaz regionundan keçdiyi üçün, "Bir kəmər, bir yol" çərçivəsində Azərbaycanın önəmi təbii olaraq, nəzərdən yayına bilməz".

İ.Məmmədov əlavə edib ki, dünyanın ən böyük ixracatçısı və ikinci idxalçı ölkəsi olan Çin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü "Bir kəmər, bir yol" strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradır: "Azərbaycan Çinin bu yeni təşəbbüsünün əməkdaşlıq, birgə inkişaf üçün yaratdığı imkanları düzgün qiymətləndirən, strategiyanı dəstəkləyən ilk ölkələrdən biri olub. Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə səfəri zamanı "Bir kəmər, bir yol" strategiyasının tərkib hissəsi olan "İpək yolu iqtisadi" kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanmışdı.

Deputatın sözlərinə görə, Azərbaycan rəsmiləri müxtəlif görüşlərdə və beynəlxalq tədbirlərdə ölkəmizin bu təşəbbüsə təkcə siyasi dəstək verməklə kifayətlənmədiyini, eləcə də onun icrasına özünün iqtisadi potensialı və nəqliyyat-tranzit imkanları ilə əməli töhfələr verməyə hazır olduğunu dəfələrlə bəyan ediblər.

Qeyd edək ki, Çindən Avropaya Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə hərəkət edən "China Railway Express" yük qatarı artıq İstanbulu da keçərək Marmara tuneli vasitəsilə Avropada hərəkət etməkdədir.

Milli.Az