Səfirliklərə asbest göndərən şəxsi azadlığa buraxıb

8 Noyabr 2019 23:16

Avstraliyanın Viktoriya ştatının Apelyasiya Məhkəməsi cari ilin yanvarında içərisində asbest olan paketləri 17 ölkənin, o cümlədən Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyinə göndərmiş şəxsi azadlığa buraxıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hakimlər Filipp Prist və Kim Harqreyv 50 yaşlı Savaş Avanın apelyasiya şikayətinə baxaraq, onun təcili azad edilməsi barədə qərar qəbul ediblər. Hakimlərin qərarına əsasən, bu şəxs həmin addımı atarkən heç bir pis niyyət güdməyib. Məhkəmənin yeni qərarına əsasən, diplomatik nümayəndəliklərə həmin paketləri göndərən S.Avan 6 ay sonra azadlığa buraxılmaq şərti ilə 18 ay həbs cəzasına məhkum edilib. İstintaq və məhkəmənin davam etdiyi dövrdə 10 ay həbsdə saxlandığına görə onun təcili azadlığa buraxılması qərara alınıb.

Eyni zamanda, məhkəmə ekspertlərin S.Avanın hərəkətlərini ictimai təhlükə təşkil etməməsi barədə rəyini də nəzərə alıb. Belə ki, onun səfirliklərə göndərdiyi bütün paketlərin üzərində içərisində təhlükəli maddənin olduğu barədə xəbərdarlıq olub. Bütün bunları nəzərə alan hakim F.Prist S.Avanın 1000 Avstraliya dolları (təqribən 689 ABŞ dolları) girov müqabilində azad edilməsinə göstəriş verib.

Xatırladaq ki, S.Avan cari il yanvarın 10-da Şepparton şəhərində yerləşən mənzilində poçt xidməti ilə təhlükəli maddələr göndərdiyinə görə həbs edilib. Avstraliya qanunvericiliyinə əsasən, bu, federal cinayət hesab edilir. Məhkəmə dinləmələri zamanı günahını etiraf edən S.Avan bu addımı "insanlara yardım etmək məqsədilə" atdığını deyib.

Milli.Az