Bu ölkə quraqlıqla mübarizəyə təqribən 60 milyon dollar vəsait ayırıb

8 Noyabr 2019 23:38

Çin Xalq Respublikasının Maliyyə Nazirliyi və Fövqəladə Halların İdarəolunması Nazirliyi ölkənin əyalət səviyyəli 7 inzibati ərazisində quraqlığın fəsadlarının aradan qaldırılmasına ümumilikdə 418 milyon yuan (təqribən 59,7 milyon ABŞ dolları) ayırıblar.

Vəsait Şansi, Anhoy, Szyansi, Hubey, Hunan əyalətlərinə, Quansi-Çjuanski muxtar rayonuna və Çuntsin meqapolisinə yönəldiləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əsasən, 250 milyon yuan quraqlığın fəsadlarının aradan qaldırılmasına, 168 milyon yuan davam edən quraqlıqdan ciddi zərər görmüş yerli sakinlərin həyat tərzinin yaxşılaşdırılmasına sərf ediləcək.

Fövqəladə Halların İdarəolunması Nazirliyi ciddi ziyan çəkmiş rayonlarda təbii fəlakətə qarşı mübarizə aparılmasına yardım göstərməkdən ötrü 8 işçi qrup yollayıb.

Mərkəzi hökumət Çində fövqəladə vəziyyət zamanı çevik reaksiya göstərilməsi mexanizminin ən aşağı - dördüncü səviyyəsini elan edib, quraqlığın qarşısını almaq və təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün zərər çəkmiş rayonlarda 400-dən çox briqada formalaşdırıb.

Milli.Az