Yaddan çıxmış sənətkarlar: “Əhməd haradadır?” filminin uzundraz Oqtayı haralardadır... - FOTOlar

11 Noyabr 2019 16:54

"Əhməd haradadır?" filmini xatırlayırsınız?.. Bəlkə də çoxları deyəcək ki, Azərbaycan kinosunun incilərindən sayılan bu filmi necə xatırlamamaq olar?!.. Axı ssenari müəllifi Sabit Rəhman, quruluşçu rejissoru Adil İsgəndərov, bəstəkarı Rauf Hacıyev olan bu film kino tariximizə qızıl hərflərlə yazılıb..
Filmdəki milli koloritdən, yüksək rejissor işindən, maraqlı aktyor ifasından, gözəl musiqi yaradıcılığındandan danışdıqca danışmaq olar...

Əgər bu filmi xatırlayırsınızsa, onda deməli Əhmədin iki dostundan biri olan uzundraz Oqtay da yadınıza düşür...

Milli.Az Modern.az-a istinadən "Yaddan çıxmış sənətkarlar" layihəsində ondan - uzundraz Oqtay rolunun ifaçısından bəhs ediləcək...

Bəlkə də çoxları onu əsl ad-soyadı ilə tanımır... tanımırsınızsa, onda yaxın əyləşin...

Söhbət kinorejissor, aktyor Novruz Axundovdan gedir. Adətən komik obrazlarda çəkilən aktyor "Əhməd haradadır?", "Cazibə qüvvəsi" , "Yenilməz batalyon" , "İstintaq davam edir" , "Buyruq və quyruq", "Ömrün səhifələri" , "İşgüzar adamlar", "Gözlə məni", "Min birinci söz" kimi filmlərdə bir-birindən maraqlı və yaddaqalan  obrazlar yaradıb.

Novruz Ağa oğlu Axundov 1938-ci il may ayının 9-da Naxçıvanda doğulub. Anası Qərbi Azərbaycanın Dərələyəz mahalından, atası Şərurdandır. Uşaq ikən ailəsi Bakıya köçüb. Ailə əvvəl Kürdəxanı, sonra Pirşağıda yaşayıb. Novruz Axundov 1955-ci ildə Kürdəxanı orta məktəbini bitirib. 1962-ci ildə Mədəniyyət və İncəsənt İnstitutunun "Kino və dram aktyorluğu" fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun tələbəsi olub. Uzun müddət Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. Aktyorun ilk ekran işi "Əhməd haradadır" filmində uzunduraz Oqtay obrazdır.

Novruz Axundov "Mozalan" Satirik Kinojuralında silsilə rollarda da çəkilib. "Mozalan" süjetlərinin xarici dillərə tərcüməsində rejissor kimi çalışıb. Əsas iş yeri olan "Dublyaj" şöbəsində əla dərəcəli rejissor kimi 500-ə qədər xarici filmin Azərbaycan dilinə dublyajına rejissorluq edib. Novruz müəllim 1998-ci ildən təqaüdə çıxıb.

81 yaşlı aktyorla söhbəti sizə təqdim edirik.

Novruz Axundov deyir ki, qardaşı onun aktyor olmağını istəməsə də, atası ona dəstək olub:

"Ailədə 7 qardaş, bir bacı olmuşuq, mən sonbeşik idim. Elə mən uşaq olanda ailəmiz Naxçıvandan Bakıya, Pirşağı kəndinə  köçdü. Pirşağıda məktəb olmadığı üçün orta məktəbi Kürdəxanıda oxudum. Atamın özünəməxsus təsərrüfatı var idi, anam da evdar qadın olub. O vaxtı kəndlərdə dərnəklər var idi.  Kimisi ora oxumağa, kimisi musiqi alətində ifa etməyə, kimisi də rəqs etməyə gedirdi. Yəni kimin nə istedadı var idi, bir baş üz qoyurdu dərnəklərə.

Böyük qardaşlarım həmin dərnəklərə yazılandan sonra mən də həvəsə düşdüm. Və o dərnəklərdə hazırlanan tamaşalarda aktyor kimi çıxış etməyə başladım. Sonralar iş elə gətirdi ki, pul qazanmaq üçün ticarətlə məşğul oldum, lakin içimdəki incəsənət sevgisi məni sakit buraxmırdı. Mədəniyyət və İncəsənt İnstitutuna hazırlaşdığımı biləndə qardaşım etiraz etmişdi. Lakin atam sağ olsun, ona dedi ki, "sən kənara çəkil, ali təhsilin fərqi var?".  Elə oldu ki, 1958-ci ildə Adil İsgəndərov Dram Teatrında baş rejissor olanda tələbələr üçün pulsuz kurs açdı. Mən də elə bu xəbəri eşidər-eşitməz gedib imtahan verib, həmin kursa qəbul olundum. Kursa qəbul olunanlar içərisində Kamal Xudaverdiyev, Nərgiz Xəlilova da var idi.

İş elə gətirdi ki, Adil İsgəndərovu bizim kursun bir ili tamam olmamış işdən çıxardılar. O vaxtlar elə idi ki, instituta daxil olmaq üçün sənətkarların qarşısında imtahan verməli idin. Mən demək olar ki, imtahanların hamısından uğurla keçdim.  Bir dənə alman dili imtahanından narahat idim, sağolsun rejissor Rza Təhmasib. O mənə dedi ki, "əgər mən sənə imtahandan yaxşı qiymət vermişəmsə, deməli sən burda oxuyacaqsan". Sonra elə Rza Təhmasibin də rejissorluğu ilə çəkilmiş "Əhməd Haradadır?" filmi ilə kino aləminə ayaq açdım".

"Əhməd haradadır?" filminin ərsəyə gəlməsindən danışan aktyor deyir ki, o film üçün xanım aktrisa tapmağın xeyli əziyyətini çəkiblər.

1963-cü ildə Adil İsgəndərov və yazıçı Sabit Rəhman "Əhməd hardadır?" filminin ssenarisi üzərində işə başlayırlar.  Filmin çəkilişləri üçün aktyor heyəti formalaşdırılır.

Əhmədin gənc dostları rolunu oynamaq üçün  tələbələr arasından seçim aparılır. Uzundraz Oktay, saqqal Ramiz, şofer Əhməd rollarının sınaq çəkilşi üçün bir çox tələbələr dəvət olunur. Novruz Axundov da sınaq çəkilişinə çağırılır. Əsas söz sahibi professor, SSRİ xalq artisti Adil İsgəndərov olduğundan aktyorların seçimində o da iştirak edir:

"O vaxt kino aləmində gənc xanımlara çox az hallarda rast gəlmək mümkün idi. Məsələn, elə o filmdə Leyla rolunda çıxış edəcək xanımı çox çətinliklə tapdıq.  O rolu oynayan Töhfə Əzimova əvvəl "Qızmar günəş altında filmində" çəkilmişdi.

O peşəkar aktrisa deyildi. İxtisasca fortopiano müəlliməsi olan Töhfə xanımın həyat yoldaşı kinostudiyada rəssam işləyirdi. Onu bu rola çəkmək istəyəndə həyat yoldaşı razı olmadı. Onda Adil İsgəndərov həmin rəssamdan həyat yoldaşını sınaq çəkilişinə gətirməsi barədə xahiş etdi. Beləcə Töhfə Əzimovaya filmdə çəkilməyə icazə verildi. Töhfə xanım peşəkar aktrisa olmasa da, rolunun öhdəsindən yaxşı gəldi.  

İş elə gətirdi ki, sonra da Əhmədin bacısı Ceyran rolunda çıxış etmək üçün xanım tapa bilmədik. Əlacsız qalıb Gürcüstanda, Tiflisdə 4-cü kursda oxuyan qızlardan birini Azərbaycana dəvət etdilər. Həmin qıza biz əvvəllər "Nona" deyirdik. O da deyirdi ki, "Mənim adım Nona deyil e, Nanadır, öz adımla çağırın".

(Söhbət Gürcüstanın xalq artisti Nana Paçuaşvilidən gedir-red.). Bəlkə də hiss edərsiniz, filmin bəzi məqamlarında Ceyranın üzündə bir kədər, durğunluq var. Film çəkilən ili o rolu canlandıran Nana xanım təzəcə evlənmişdi, hamilə idi. Çəkilişlərə görə həyat yoldaşı ilə Bakıdakı "könə İnturist" mehmanxanasında qalırdı. Elə çəkiliş zamanı eşitdik ki, Nananın ərini mehmanxada elektrik cərəyanı vurub, cavan oğlan dünyasını dəyişib. O hadisədən sonra Nana sanki bir çöküş yaşadı. Düzdür, film boyu bunu maksimum dərəcədə hiss etdirməməyə çalışırdı, lakin bəzi səhnələrdə üzünə diqqətlə baxsanız bir yorğunluq, üzgünlük görərsiniz".

Qeyd edək ki, Novruz Axundovun uzundraz Oktay roluna təsdiq olunması Moskvadan filmin operatoru kimi dəvət olunmuş Yuri Fogermanın israrı ilə baş verir. Belə ki, Axundovun fotolarını görən Fogelman bu rola məhz Novuz Axundovun uyğun gəldiyini deyir. Adil İsgəndərov uzundraz Oktayı oynamaq üçün digərlərinin də sınaqdan keçməsini təklif edir. Fogerman razılaşmır. Beləcə N.Axundov ilk dəfə olaraq filmdə rol alır. Ssenariyə əsasən  dostlar bir-biri ilə kontrast təşkil etməli idi: Oktay uzun, Əhməd normal, Ramiz balacaboy. Filmdə bu, uğurlu alınır: nəticə etibarilə komik bir situasiya yaradılır.

"Filmdə bir yer var: Pilləkənin başında bir-birimizi təqdim edirik: "Uzundraz Oqtay, Saqqal Ramiz"... Ssenaridə bu yox idi. Bədahətən alındı...

Filmdə taxdığım eynək adi şüşədən idi. Gözlərim çox yaxşı görürdü.

"Əhməd haradadır?" filmi çəkiləndə həm də müəllim işləyirdim.

Müəllim kimi çalışırdım deyə, istəmirdim filmdən sonra məni küçədə tanısınlar. Heç uşaqlara da bəlli etmirdim ki, kinostudiyada işləyirəm. Çoxu məni rəssam bilirdi. Ciddiliyimi hər zaman qoruyurdum. 22 yaşındaydım filmə çəkiləndə. İşlədiyimə görə tələbə təqaüdümü kəsmişdilər. Bir gün rektor  Rahim Hüseynovun yanına getdim. Bildirdim ki, işlədiyimə və filmlərdə çəkildiyimə görə, mənim təqaüdümü kəsiblər. Çağırıb tapşırdı ki, təqaüdümü versinlər. Bildirdilər ki, işləyir, yaxşı geyinir nə ehtiyacı var təqaüdə?.. Amma Rahim Hüseynovun təkidilə təqaüd bərpa edildi. Özümə fikir verən idim. Bəziləri məndən şikayət yazmışdı Adil İsgəndərova... O da adamları çağırdı yanına dedi: "Bu oğlanı instituta mən qəbul etmişəm. Demək ona layiqdir. Bəs nə şikayətlərdir bura yazmısız?".
Şikayət bundan ibarət idi ki, Novruz Axundov işləməkdən başqa, hər şey edir, geyiminə baxır, kitab oxuyur". Adil İsgəndərov bərk hirsləndi. Dedi ki, "Novruza mən tapşırmışam ki, yaxşı geyinsin. Aktyor yaxş geyinər, küçələrdə piyan gəzməz, aktyor təmiz olar!"".

Novruz Axundov deyir ki, iki filmdə Oqtay obrazını canlandırıb:

""Əhməd haradadır?" filmindəki uzundraz Oqtay obrazından sonra "İstintaq davam edir" filmində də leytenant Oqtay obrazını canlandırdım. Bu obrazlar xarakter etibarilə bir-birindən tamamilə fərqlənirdi. Operator, ssenarist Əlisəttar Atakişeyevin Adil İsgəndərovla arası olmadığı üçün "İstintaq davam edir" filmində mən olan səhnələrin çoxu çəkilmədi. Çünki Əlisəttar müəllim bilmişdi ki, mən Adil İsgəndərovun tələbəsiyəm. "İstintaq davam edir" filmi ilə bərabər mən "Yenilməz batalyon" filmində də çəkilmişdim. O filmdə epizodlardan birində fəhlə obrazını canlandırmışam".

Novruz Axundov görkəmli sənətkar Adil İsgəndərovdan danışarkən onunla bağlı bir maraqlı hadisədən də söz açıb:

"O vaxt tələbələrin arasında yaşda ən böyük olanı mən idim. Bir gün Adil müəlim mənə yaxınlaşıb dedi ki, bəs onu Mərkəzi Komitəyə çağırıblar.

Dedim ki, müəllim, çağırıblar lap yaxşı.

Onda Adil müəllim söylədi: "Məni kinostudiyaya direktor təyin edirlər, səncə gedim ya yox?".

Fikirləşib dedim ki, sizin üçün yaxşı fürsətdir, bir rejissor kimi işinizə uyğun fəaliyyət göstərə biləcəksiniz, lakin bir şərtlə gedə bilərsiniz. Gülüb soruşdu ki, nədir o şərt elə?. Dedim ki, universiteti bitirirəm, işim yoxdur, məni də aparın kinostudiyaya. Adil müəllim qayıtdı ki, "axı sənin təyinatını başqa yerə veriblər". Bildirdim  ki, deyirlər get Naxçıvanda işlə, axı heç mən oranın doğru-dürüst üzünü görməmişəm, nabələdəm.

Nəysə, elə oldu ki, Adil müəllimin köməyi ilə təyinatımı kinostudiyaya dəyişdilər. Orada işlədiyim müddətdə "Rəqiblər" filminə çəkildim. O filmdən sonra  Adil müəllim dedi ki, "Kinostudiyada dublyaj işini öyrən, səni göndərəcəm Moskvaya, orada oxuyarsan".

İş elə gətirdi ki, sonralar elə Kinostudiyada da qaldım, Moskvaya getmək alınmadı".

"Kinoda əngəllər çoxdur"

"Gənc yaşlarımda dərnəklərdə təşkil olunan tamaşalarda çıxış etsəm də, sonralar teatrda oynamadım. Düzdür, kinoda da əsrarəngiz obrazlar yaradan aktyorlarımız var, lakin ümumilikdə kinoda sənət o qədər də güclü olmur. Kinoda əngəllər çoxdur. Aktyor bilmir ki, işığa, texnikaya baxsın, yoxsa rolunu ifa etsin. Bütün bu fiziki çətinliklər çəkiliş zamanı aktyoru əsl sənətdən uzaqlaşdırır. Lakin teatr tamam başqa aləmdir. Bu sahə aktyorlarda səhnə danışığını formalaşdırır, tamaşaçıya daha çox təsir etməyə imkan verir. Həm də onu deyim ki, kino elədir ki, gah əvvəlini çəkirlər, gah da axırını. Yəni çəkilişlər bir xətt üzrə getmir. Belə olan halda da aktyor öz emosiyalarını düzgün ifadə edə bilmir. Lakin teatr bir istiqamətdə, ardıcıl irəlilədiyi üçün aktyor öz hislərini daha yaxşı ifadə bilir.  

Baş rolda oynamaq çox asandır, Çünki rol "ütülənmiş", "hamar" olur, bir xətt üzrə də gedir. Lakin xarakterik, komik obrazlar fərqlilik tələb edir. İndiki aktyorlar komik obraz yaratmırlar özlərindən "oyun" çıxardırlar. Komik rol aktyordan ustalıq tələb edir. Məsələn "O olmasın, bu olsun"da Məşədi İbad rolu hamını güldürsə də, həmin obrazı oynayan aktyor Əliazğa Ağayev özünü o yerə qoymur. Yəni aktyora tamaşaçı gülməlidir, aktyor isə sadəcə rolu yaşamalıdır.

Bugünkü gənclər yaratdıqları obraza daha çoz özləri gülür, nəinki tamaşaçı. İndiki gəncləri qınamıram, çünki onlar səhnədə korifeyləri görməyiblər. Gördükləri müəllimləri də özləri kimi zəifdir, kimdən öyrənsinlər? Adil İsgəndərov mənə deyirdi ki, aktyor göz önündə olmalı deyil, yalnız səhnədə görünməlidir. Adil müəllim "çöldə-bayırda aktyora içki içmək yaraşmaz" deyirdi. Çünki bu tamaşaçıda filmə, obraza marağı itirərdi. Lakinj indikilər hamısı efirdə, əlçatandır".

"Evim olmadığına görə evlənə bilmirdim"

"Yoldaşım Nofeliya xanımla bir-birimizi sevərək ailə qurmuşuq. Mən onu sevəndə hələ məktəbli idi, sonralar ali məktəbə daxil oldu, ardınca da ixtisasına uyğun iqtisadçı kimi çalışmağa başladı. Onu da deyim ki, evlilik bizə asan başa gəlməyib. Evim olmadığına görə 4 il nişanlı qaldıq.

Adil İsgəndərova evlənə bilməməyimin səbəbini deyəndə məndən soruşdu ki, niyə ev növbəsinə durmuram... Dedim ki, qardaşımın evinə qeydiyyatdayam deyə,  növbəyə dura bilmirəm.
Sonralar elə oldu ki, mənə 4 otaqlı mənzil verdilər, nəhayət 32 yaşımda Murtuza Muxtarovun evində - indiki "Səadət sarayı"nda toyumuz oldu. Toyumuz da, nikahımız da orada gerçəkləşdi.
3 övladımız var, 2 oğlan 1 qız. Övladlarımın hər biri ali təhsillir, yaxşı vəzifələrdə işləyirlər. Onların aktyor olmağın istəyərdim, lakin heç birinin bu sahəyə həvəsi yox idi, mən də övladlarıma azad seçim verdim. Həyat yoldaşımı çox sevmişəm,  indi də sevgim davam edir, məndə ömrüm boyu xəyanət deyilən bir şey olmayıb. Nofeliya ilə qısqanclıq üstündə böyük davalarımız olmayıb. Həmişə çalışmışam ki, mübahisə olanda,  zarafata çevirib onu yola verim.
Nofeliya da, mən də hazırda təqaüddəyik.

Bir maraqlı hadisəni də danışım. Yadımdadır, Kinostudiyada adminstrator işləyirdim. Adil müəllim məni otağına çağırıb dedi ki, bəs sənin haqqında söz-söhbət gəzir ki, 3-4 yerdə arvad saxlayırsan. And-aman elədim ki, 4 ildi nişanlıyam, evim olamadığına görə ailə qura bilmirəm, hardadır məndə o imkan ki, 3-4 yerdə arvad saxlayım?
Dedi ki, bəs burda 3-4 evin nömrəsini qoymusan ki, səni axtaranda ora zəng edək. Cavab verdim ki, hər dəfə bir qohumun evində qalıram, ona görə kimsə axtarar deyə dəftərdə 3-4 nömrə qeyd etmişəm".

"Ortabab aktyor olmaqdansa, yaxşı rejissor olmağı seçdim"

"Özümdə rejissorluğu daha çox hiss edirdim, nəinki aktyorluğu. Gənc vaxtlarımda həmyaşıdlarım Həsənağa Turabov, Eldəniz Zeynalov, Rafiq Əzimov və Hamlet Qurbanovla bir çalışırdıq. Düşündüm ki, bu cür nəhənglərin arasında orta səviyyəli aktyor olmaqdansa, yaxşı rejissor olum.
Beləcə aktyor kareyamı davam etdirmədim. Kino və teatr aktyoru olmağıma baxmayaraq, rejissorluğa keçdim. Bir söz var: "Böyük şəhərdə kiçik olmaqdansa, kiçik şəhərdə böyük olmaq daha yaxşıdır".
Dedim kimi, Həsənağa Turabov, Hamlet Xanızadə, Rafiq Əzimov, Hamlet Qurbanov kimi fanatiklərin yanında özümü bu sənətdə az görürdüm.

Elə vaxt gəldi ki, adını çəkdiyim aktyorların bəzilərini ixtisar etmək istədilər. Deyirdilər ki, artıq bu aktyorlar filmə çəkilmirlər, işdə saxlmaq mənasızdır.  Komisiya üzvü kimi iki dəfə müzakirələrə məni də çağırdılar. Amma getmədim. Səbəbini soruşanda dedim ki, "işdən çıxarmaq istədiyiniz Eldəniz Zeynalov məndən yaxşı aktyordur. Mən indi ona və onun kimi sigər aktyorlara necə deyim ki, işdən uzaqlaşın. Əgər rejissor onları filmə çəkmirsə, bu onların yox, rejissorun günahıdır".
Bu cür müansibətimi görəndən sonra həmin aktyorlar da bir rejissor kimi mənim hörmətimi saxlayırdılar.

O, "Arşın mal alan" filmindən gələn təklifə rədd cavabı verib:
 
"Düzdür, elə də rəngarəng obrazlar canlandırmamışam ki, hansınısa seçib deyim ki, bunu xüsusi sevirəm. Lakin "Əhməd haradadır"  filmi başlanğıc olduğu üçün uzundraz Oqtay obrazını xüsusi sevirəm.

İmtina etdiyim obraz da olub. Tofiq Tağızadə "Arşın mal alan" filminin ikinci variantını çəkəndə məni filmdə Süleyman obrazını ifa etmək üçün dəvət elədi. Lakin gedib dedim ki, bu rolu canlandıra bilmərəm, mənlik deyil.

Ümumiyyətlə, məni o dövrlərdə çəkilən bir çox filmə dəvət edirdilər. Lakin deyirdim ki, kütlənin içərisində itib-batacağamsa, niyə gedib çəkilim?

Xoşlayırdım ki, evdə oturub kitab oxuyum, ailəmlə vaxt keçirim. Boş-boş gəzmək, hər tədbirdə iştirak etmək mənlik deyil.

İndiki vaxtıma gəlincə, çox yaşlanmışam fiziki gücüm işləməyə imkan verməz. Həm də ki, indiki rejissorlar, yazılan ssenarilər məni cəlb etmir. Gənc yoldaşlar elə bir janr seçiblər ki, mənim kimi yaşlı kadrlara bu janrlar yad gəlir. Demək olar ki, əksər ssenarilər  yüngül tərzdədir, şit obrazlar çoxdur.

Axrıncı dəfə  "Gözlə məni" filmində çəkildim, sonra daha səhnəyə çıxmadım. Aktyor kimi sonuncu illərim Bələdiyyə Teatrında keçmişdi. Amaliya xanım dəvət etmişdi məni ora. Lakin orada da çox qala bilmədim, səhnədən uzaqlaşdım...

Əgər dostlardan, tanışlardan kiməsə fəxri ad verilirdisə mütləq onu təbrik edirdim, tədbir keçirirdisə gedirdim. Gərək insan özünü daxilən həmişə zəngin hesab edə. Teatr aktyorları çox əziyyət çəkib, ona görə də ad alıblar, mən onlar qədər əziyyət çəkməmişəm ki, ad alam. Lakin sizə bir şey deyim ki, titulun mənim üçün heç bir önəmi yoxdur. Rejissor olanda da heç vaxt ayrı-seçkilik etmirdim ki, ay bu Xalq artistidir, ay Əməkdar artistdir... Rol hansı aktyora uyğun olurdusa ,ona da verirdim. Bəzən Leyla Bədəlbəyli məndən inciyirdi ki, niyə ona rol vermirəm... Deyirdim ki ki, "sizə uyğun rol yoxdur, olsa verərəm"".

81 yaşlı Novruz müəllim deyir ki, qocaldıqca qan təzyiqindən əziyyət çəkir,  lakin aktiv həyat tərzi keçirməyə çalışır:

"Gənc yaşlarımda şeir yazmaq qabiliyyətimin fərqində olmamışam. Sonralar nəvəm dünyaya gələndə ona şeir həsr elədim. Gördüm ki, heca vəzni mənlik deyil, keçdim əruz vəznində qəzəl yazmağa. İndi də ara-sıra qəzəllər yazıram, lakin deyim ki, bu sahədə yazmaq çox çətindir. Rəsm çəkməyə də xüsusi həvəsim var. Əksər tamaşalarda quruluşçu rəssam mən olmuşam, afişaları mən hazırlamışam. Vaxtımızı boş-bekar keçirməkdənsə, bu kimi işlərlə məşğul olmaq daha yaxşıdır.

Ədəbiyyatla maraqlanıram, gündəmi izləyirəm. Çalışıram ki, heç nədən geri qalmayım. Tarixi, etnoqrafi məqalələr yazmaq, oxumaq çox xoşuma gəlir. Əvvəllər bu cür məqaqlələrim qəzetlərdə də çıxırdı, sonradan görünür maraq olmadı deyə dərc olunmadı. Nəvələrimlə vaxt keçirməyi çox sevirəm. 

Son bir-iki ilədək onları məktəbə, bağçaya özüm aparıb-gətiridim, indi bir az geri qalmışam bu məsələlərdə. Hələ ki nəvələrdən də heç biri incəsənətə maraq göstərmir, gələcəyi deyə bilmərəm". 

Milli.Az