Zidan Mourinyo haqqında danışdı

15 Noyabr 2011 11:39
Hazırda İspaniyanın "Real" (Madrid) klubunun direktoru postunu tutan əfsanəvi fransalı futbolçu Zinəddin Zidan gələcəkdə məşqçilik fəaliyyəti göstərmək niyyətini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Zidan bu istəyini "Canal+"a müsahibəsində bildirib. O deyib: "Əvvəllər də demişəm: nəyə görə də özümü məşqçi kimi sınamayım? İndi bunu istəyirəm. Hiss edirəm ki, hansısa yenilik gətirə bilərəm. Amma tələsməyək. Baxaq görək, necə olur..."

1998-ci ilin dünya çempionu "kral klubu"nda 2009-cu ildən çalışır. Zidan əvvəlcə prezident Florentino Peresin müşaviri olub, hazırda isə direktordur. O, transfer bazarında aktiv fəaliyyət göstərməklə bərabər, baş məşqçi Joze Mourinyodan məşqçiliyin sirlərini öyrənir:

"Mən Mourinyodan öyrənirəm. Mənim üçün o, ən yaxşısıdır, işini hər gün izləmək imkanı isə əla məktəbdir. Oyunçu olarkən heç vaxt məşqçi həyatı barədə düşünmürsən. İndi isə deyə bilərəm ki, bu, çətin işdir və özümü bu rolda sınamaq istəyirəm".

Milli.Az