“Sirus hesabıma özünü reklam etməsin” - Nazilə Səfərli

7 Noyabr 2019 19:29

Şairə Nazilə Səfərlinin plastik-cərrah Siruz Qoçxani tərəfindən əməliyyat olunması barədə xəbər yayılıb. Məlumatda bildirilib ki, o, liposaksiya və buxaq əməliyyatı etdirib. Bunu mediadan gizlətmək üçün isə əməliyyat otağına üzüörtülü şəkildə girib.

Milli.Az xəbər verir ki, N.Səfərli haqqında çıxan xəbərlərlə bağlı Axşam.az-a danışıb. O, məlumatı yayan həkimi qınayıb:

"Bugünədək çoxsaylı əməliyyatlarım olub. Bunun ağrısını mən çəkirəmsə, xəbərini siz niyə bilməlisiniz ki? Hamı mənə deyir ki, arıqlamısan? İki il bundan öncə Damlaynan Qazaxıstana gedəndə istifadə etdiyim libası Fədayənin (müğənni Fədayə Laçın - red.) gecəsinə geyindim. Həmin paltar əynimə oldu: nə dar, nə də gen. Nəyim arıqlayıb?".

Şairə bildirib ki, yalnız buxağında liposaksiya əməliyyatı etdirib:

"Sirus Qoçxaninin də bu əməliyyat üçün pulunu vermişəm. Özünü hesabıma reklam etməsin. Zəng etdim ki, Sirus həkim, bu, nə məsələdir? Kiminsə anası, bacısı, həyat yoldaşıyam. Nə üçün paltarlarımı horizontal, frontal çəkib qoymalıdırlar? Zəkamla pul qazanıram, bədənimlə yox. Bu hərəkət xoşuma gəlmədi. Dedi ki, "Mən etməmişəm. Xəbəri yazan sayt hər zaman əlehimə informasiya yayır". Dedim ki, axı səni tərifləyiblər, pisliyinə heç nə yazılmayıb.

"Üç ay öncə oğlum qəzaya düşəndə sizin klinikada digər həkim oğlumun həyatını qurtarmışdı. Bununla bağlı heç bir xəbər çıxmadı" deyə, ona sual ünvanladım. Bilirəm ki, heç bir həkim təmənnasız reklam olunmaz. Mən uşağam? Bu günədək heç bir həkimə pulsuz nəsə etdirməmişəm. Bundan öncə digər plastik-cərrahların yanında neçə dəfə əməliyyatım baş tutub. Onları niyə xəbər etməyiblər? Söyləyir ki, azərbaycanlı həkimlər mənim qədər reytinq vermir. Görün nə gündəyik ki, azərbaycanlı həkimlərə hörmət qoymuruq. Ayıb olsun bizə!

Sözümün canı odur ki, istər mən, istər Xatirə İslam, istərsə də Afaq Gəncəli olsun: Hamısı Azərbaycanın sevilən xanımlarıdır. Həyatıboyu inanmaram ki, Xatirə və ya digərləri əməliyyatını paylaşmağa icazə versin. Həkimə reytinq lazımdırsa, külli miqdarda pul ödəsin, onu reklam edək.

Əgər hansısa əməliyyata pul verib girmişiksə, söyləməmək haqqımızdır. Üzümü örtmüşəm ki, görməsinlər. Bunu da mən Bulvarda, ya da şadlıq sarayında etməmişəm. Əməliyyata girəndə yanımda Sirus, onun xanımı və anestezioloq olub. Bunu üç nəfərdən biri deyib, göydən düşməyib ki? Ayıbdır! İnsan bir sirr saxlayar, peşə sirrinə hörmət edər. Bundan ötrü müqavilə imzalamısan. Neyləyim indi? Məhkəməyə verim, biabırçılıq olsun?!".

Milli.Az