Muğam Mərkəzindən Tbilisidə yerləşən Mədəniyyət Mərkəzinə tar hədiyyə olundu

6 Noyabr 2019 16:34

Tbilisidə yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzinin kolleksiyası Beynəlxalq Muğam Mərkəzinin hədiyyəsi ilə daha da zənginləşib.

Beynəlxalq Muğam Mərkəzinin "Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər" layihəsi çərçivəsində  BMM-in adından Azərbaycan musiqi alətlərinin şahı olan tar Tbilisidə yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinə  hədiyyə edilib.

Tbilisi şəhərində Azərbaycanlıların ən çox toplaşdığı mədəniyyət ocaqlarından biri sayılan bu muzeydə musiqi dərnəkləri fəaliyyət göstərir. Muzeydə tar dərnəyinin yaradılması münasibətilə Beynəlxalq Muğam Mərkəzinin direktoru  tar alətini Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinə təqdim edib . Muzeyin rəhbərliyi dəyərli hədiyyəyə görə BMM-nin rəhbərliyinə minnətdarlığını bildirib. BMM isə öz növbəsində gələcəkdə bu istiqamətdə Azərbaycanın tar ifaçılığının görkəmli nümayəndələrinin muzeydə ustad dərsləri və görüşlərinin keçiriləcəyinə dəstək verəcəyini diqqətə çatdırıb.

Milli.Az