Rostov-Bakı marşrutundakı qəzada xəsarət alanlardan 2-si reanimasiyaya yerləşdirildi - YENİLƏNİB

5 Noyabr 2019 16:27

16:27

Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 8 nəfərdən 2-si reanimasiyaya yerləşdirilib.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan digər 6 nəfər isə xəstəxananın travmotologiya şöbəsindədir: "Həkimlərin dediyinə görə, xəsarət alanların həyatı təhlükəsi yoxdur. Müalicə dövlət səviyyəsində nəzarət altında davam etdirilir. Sabah xəstələrdən 2-i Stovropol Xəstəxanasına köçürüləcək".

Xatırladaq ki, Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu noyabrın 4-də axşam saat 19:10 radələrində qəzaya uğrayıb. Qəza Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində baş verib. Hadisə nəticəsində 8 azərbaycanlı xəsarət alıblar.

Qəzanın hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələ məlum deyil.

---------
14:52

Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 8 nəfərə çatıb.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlar - Sənubər Qurbanova, Vəliyev Aydın Cavanşir oğlu, Əbdurrahmanov Cabbar Eyyub oğlu, Baxışov Fikrət Məmmədzadə oğlu, Haşımov Babaşah Ağami oğlu, Sultanov Camir Ramazan oğlu, Murhəlimov Taramşah və Abdullayeva soyadlı qadındır. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu qəzaya uğrayıb. Qəza Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində baş verib.

Qəzanın hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

---------
11:09

Rusiyanın Rostov vilayətindən Bakıya gələn mikroavtobusun qəzaya uğraması nəticəsində yaralananların sayı artıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı regionun Fövqəladə Hallar İdarəsi məlumat yayıb. 

Bildirilib ki, qəza zamanı doqquz Azərbaycan vətəndaşı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib. 

----------
09:57

Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 7 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd edilir.

Qəza Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində baş verib.

Məlumata görə, yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Xəsarət alanların hamısının Azərbaycan vətəndaşları olduğu bildirilir.

Qəzanın hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələ məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az