Bakı şirkətlərin yox, insanların şəhəridir. Paytaxtda nə dəyişəcək?

5 Noyabr 2019 10:00

Əgər vətəndaşı nəsə narahat edirsə, buna reaksiya verilməlidir. Əlbəttə, bütün məsələlərə obyektiv şəkildə baxılmalıdır. Bəzi hallarda elə məsələlər qaldırılır ki, bunun heç bir əsası yoxdur, yaxud da sırf şəxsi xarakter daşıyır. Ancaq bir çox hallarda vətəndaşlar haqlı olaraq öz təkliflərini verirlər, onları narahat edən problemləri qaldırırlar.

Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən belə deyib.

Dövlət başçısı Bakı şəhərinin inkişafının daim diqqət mərkəzində olduğunu vurğulayaraq bildirib ki, şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edir və ümumiyyətlə, bir çox layihələrin təşəbbüskarı olub.

Bakının ekoloji vəziyyəti yaxşılaşır və bunun səbəbi bir sıra layihələrin reallaşmasıdır. Daha konkret olsaq, şəhərin havasını çirkləndirən mənbələrin əksəriyyəti ləğv olunub, bu problem ciddi şəkildə çözülür.

Onların arasında, təbii ki, ilk yeri bir zamanlar Balaxanıdakı böyük zibilxananın təmizlənməsi durur. Həmin zibilxanadan sürəkli tüstü havanı zəhərə çevirirdi, insanlarda xəstəliklər yaradırdı.

İndi həmin zibilxananın yerində müasir poliqon var. Həmin poliqonda da zibillər çeşidlənir, bərk məişət tullantıları yandırılır. Böyük investisiya qoyulub, zibilyandırma zavodu inşa olunub.

Beləcə Bakını təhdid edən ekoloji fəlakət mənbəyi aradan qaldırılıb.

Digər ekoloji fəlakət mənbəyi Bibiheybət neft mədənləri idi. Oradakı vəziyyət, ümumiyyətlə, çox acınacaqlı idi, neftlə çirklənmiş yerlər, gölməçələr. Bunların hamısı aradan götürüldü. İndi orada gözəl park salınıb və vətəndaşların sərəncamına verilib. Eyni zamanda, idman şəhərciyi yaradılıb, müasir idman hovuzu, digər ictimai obyektlər tikilib.

Böyükşor gölü də ekoloji təhlükəyə çevrilmişdi. Belə ki, uzun illər boyu gölə axıdılan kanalizasiya, lay suları, neftlə çirklənmiş sular o bölgəni də ekoloji fəlakət zonasına çevirmişdi.

Ora da təmizləndi. Böyükşor gölünün bir hissəsi tam ekoloji standartlara cavab verir, köçəri quşlar oraya qonur. Göl üzərində yeni yol çəkilib və gölün ikinci hissəsinin təmizlənməsi istiqamətində işlər gedir. Olimpiya Stadionu vaxtilə bataqlıq kimi tanınan yerdə tikilib.

Ağacların əkilməsi şəhərin ekoloji vəziyyətini böyük dərəcədə yaxşılaşdırır. Milyonlarla ağac əkilib. Bu gün Bakı yaşıl parklar, bağlar şəhəridir. Parkların sayına görə, Bakı dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bizim ən böyük parkımız olan bulvarın məsafəsi 3 kilometrdən 15 kilometrə uzadıldı. Mərkəzi Park indi şəhərə yeni yaraşıq verir. "Sovetski" adlandırılan ərazidə 20 hektarda çox gözəl, abad park salınıb. Heydər Əliyev Mərkəzinin önündə, Konqres Mərkəzinin önündə, - vaxtilə Səttarxan zavodunun ərazisi olan bu yer də ekoloji təhlükə mənbəyi idi, - 20 hektar ərazidə park salınıb və vətəndaşlar böyük həvəslə bu imkanlardan istifadə edirlər. Vaxtilə havanı çirkləndirən lampa zavodu, şifer zavodu və digər müəssisələr köçürüldü, onların yerində nəqliyyat infrastrukturu yaradıldı. Bir sözlə, bu gün Bakı həm ekoloji, həm də rahatlıq baxımından çox sürətlə inkişaf edən şəhərdir.

Prezident İlham Əliyev daha sonra bildirib ki, həm dövlət investisiya proqramı çərçivəsində, eyni zamanda, Prezidentin ehtiyat fondunun vəsaiti hesabına lift təsərrüfatı yenilənir, nümunəvi həyətlər qurulur. Heydər Əliyev Fondu bu sahədə çox böyük iş aparır. Dam örtüklərinin təzələnməsi üçün ehtiyat fondundan 10 milyon manat vəsait ayrılıb.

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin və rayon icra hakimiyyətlərinin balansında 11 min yaşayış binası var. Onları şərti olaraq həyətləri olan və olmayanlara bölmək olar. Bu gün həyətləri olan binaların sayı 6331-dir. 2018-2019-cu illərdə 273 nümunəvi məhəllə yaradılıb. Bu gün Bakı şəhərində yeni bir format - məhəllələrarası parklar formatı tətbiq olunub və olunur. Bu ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri, blokları təmir olunub, su təchizatı sistemi yenilənib və bütün yaş kateqoriyaları üçün həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxtı səmərəli keçirmək üçün şərait yaradılıb. Bu proses davam edir.

İlin axırınadək daha 15 yeni nümunəvi məhəllə istifadəyə veriləcək. Yaxın illərdə hələ 743 bu cür layihə icra etmək mümkündür. Bu proses davam edir.

Bu, çox vacib məsələdir. Çünki vətəndaşların gündəlik həyatda üzləşdikləri problemlərdir. Bir çox binalarda, bloklarda vəziyyət ürəkaçan deyil, lift təsərrüfatı köhnəlib. Evlərarası həyətlər bəzi hallarda zəbt olunur və ictimai istifadə üçün yerlər yoxa çıxır. Ona görə nümunəvi həyətlərin qurulması çox böyük məna daşıyır. Biz bu sahəyə kompleks şəkildə yanaşmalıyıq. Əlbəttə ki, həyətlər, ilk növbədə, vətəndaşlar üçün rahat, işıqlı olmalıdır, təhlükəsizlik baxımından tədbirlər görülməlidir. Bir çox inkişaf etmiş ölkələrin şəhərlərində həyətlərdə təhlükəsizlik kameraları qoyulur. İndi Bakı şəhərində bir çox yerlərdə təhlükəsizlik kameraları qoyulub və bu kameralar cinayətlərin aşkar edilməsi və cinayətkarları məsuliyyətə cəlb etmək üçün böyük rol oynayır. Hesab edirəm, həyətlərdə də təhlükəsizlik kameraları qoyulmalıdır ki, təhlükəsizlik tədbirləri daha yüksək səviyyədə təmin olunsun.

Dövlət başçısı onu da vurğuladı ki, Bakıdakı yaşayış binalarının daim örtüklərinin yaxşılaşdırılması üçün ilkin olaraq Prezidentin ehtiyat fondundan 10 milyon manat vəsait ayrılıb. Əlbəttə ki, bütün dam örtüklərini bu vəsaitlə təmir etmək mümkün deyil.

Fəqət, bu işləri planlı şəkildə, mərhələlərlə görmək gərəkdir.

Şəhərdə 380 binanın dam örtüyünü təmir etmək nəzərdə tutulsa da, 420 binada dam örtükləri yenilənəcək.

Prezident İlham Əliyev daha bir önəmli və ciddi məsələdən bəhs edib. Həmin məsələ Bakıda aparılan tikinti-inşaat prosesi ilə bağlıdır.

"Bəzi hallarda tikinti üçün yerlər zəbt olunur, bəzi hallarda sərəncamlar qanunsuz olaraq verilir, ağaclar qırılır. Vətəndaşlar sağ olsunlar ki, bir çox hallarda belə vəziyyətlə üzləşdikdə müvafiq orqanlara məlumat verirlər. Yəni, bu, ictimai nəzarətin mövcudluğu deməkdir. Bundan sonra Bakıda şəhərsalma qaydaları tam təmin edilməlidir. Bütün şəhərlərdə bina tikintisi üçün müvafiq əmsallar mövcuddur. Əfsuslar olsun ki, əvvəlki dövrlərdə bu əmsallar 10 dəfə, bəlkə də artıq götürülürdü. Yəni, bütün şəhərsalma qaydaları pozulurdu. Mövcud binaların düz önündə yeni hündürmərtəbəli binalar tikilirdi və bəzi dırnaqarası sahibkarlar köhnə binalarda yaşayan vətəndaşları Günəş işığından məhrum edirdilər. Bir çox hallarda həyətlərdə evlərin tikintisi baş verirdi", - dövlət başçısı deyib.

Onun sözlərinə görə, əvvəlki dövrdə hətta bəzi məktəblərin həyətlərində evlər tikilirdi. Sonra bu məsələyə son qoyuldu. Yəni, şəhərsalma qaydaları tətbiq olunmalıdır, burada yerli icra orqanları və əlbəttə, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi öz işini yüksək səviyyədə qurmalıdır ki, bütün şəhərsalma normaları təmin edilsin. Əlbəttə ki, rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara diqqət yüksək səviyyədə olmalıdır. Bəzi hallarda vətəndaşlar incidilir, onların problemlərinə reaksiya verilmir. Bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir, rüşvətxorluq halları baş verir. Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir, vətəndaşlara maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidirlər: "Mənim göstərişimlə son vaxtlar bu proses bir qədər geniş vüsət alıb, amma lazımi səviyyədə deyil. Mənə verilən məlumata görə, bəzi hallarda formal xarakter daşıyır, bəzi hallarda vətəndaşları narahat edən problemlərə reaksiya verilmir. Ona görə biz çox diqqətli olmalıyıq. Əgər vətəndaşı nəsə narahat edirsə, buna reaksiya verilməlidir. Əlbəttə, bütün məsələlərə obyektiv şəkildə baxılmalıdır. Bəzi hallarda elə məsələlər qaldırılır ki, bunun heç bir əsası yoxdur, yaxud da sırf şəxsi xarakter daşıyır. Ancaq bir çox hallarda vətəndaşlar haqlı olaraq öz təkliflərini verirlər, onları narahat edən problemləri qaldırırlar. Həm Bakı Şəhər İcra Hakimiyyəti və bütün rayon icra hakimiyyətləri vətəndaşlara böyük diqqətlə yanaşmalıdırlar. Beləliklə, Bakı şəhəri və Azərbaycanın bütün şəhərləri planlı şəkildə inkişaf etməlidir".

Bakı, sadəcə, mərkəzdən ibarət deyil. Şəhərin hər yeri bizim üçün əzizdir və dəyərlidir.

Şəhərin infrastrukturu ilk əvvəl sakinlər, vətəndaşlar üçün olmalı, turistlər və qonaqlar üçün işlər ikinci növbədə görülməlidir.

Bakının hər yeri abad olmalıdır. İstisnasız olaraq.

Bəzi yerlərdə hələ də küçə işıqları yoxdur, qəbəsələrdə, bir çox yerlərdə torpraq yollar var.

Bu problem də ən qısa zamanda həllini tapmalıdır.

Bakı bizim simamızdır və dünyanın ən gözəl şəhərlərindən biridir.

Şəhərimizin qədrini bilməliyik.

Elçin Alıoğlu
Milli.Az