“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd edilib

1 Noyabr 2019 21:35

"Yeni Müsavat" qəzetinin 30 illik yubileyi Azərbaycan Mətbuat Şurasında qeyd edilib. Bu münasibətlə noyabrın 1-də Şuranın İdarə Heyəti üzvlərinin toplantısı keçirilib.

Milli.Az bildirir ki, tədbirdə çıxış edənlər "Yeni Müsavat" qəzetinin fəaliyyət göstərdiyi ötən 30 ilin həm ölkəmizin, həm də mediamızın tarixi baxımdan son dərəcə mühüm mərhələ olduğunu bildiriblər. Bu mərhələyə nəzər salınarkən görünür ki, yubilyar nəşrin müstəqillik baxışlarının carçısı olan ideoloji mərkəzdən peşəkar jurnalistika məktəbi statusunadək olan inkişafından danışmaq üçün kifayət qədər dolğun əsaslar var.

Vurğulanıb ki, yaradıcı potensialı və zəngin təcrübəsi olan "Yeni Müsavat" bu gün istər yayımı, istərsə də tirajı baxımından ön sırada dayanan kütləvi informasiya vasitələrindən biridir. Qəzetin hadisə və proseslərə münasibətindəki obyektivlik onun ictimai rəydəki başlıca populyarlıq təminatçısıdır. "Yeni Müsavat" həm də Azərbaycanda ciddi jurnalist nəslinin formalaşmasında müstəsna xidmətləri olan mətbuat orqanıdır.

Milli.Az