Müsavatçılar da Cəmil Həsənlinin mitinqin ləğv edilməsi təklifini dəstəklədi

31 Oktyabr 2019 18:27

Müsavatçılar "Milli Şura"nın (MŞ) sədri Cəmil Həsənlinin MŞ-nın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın təxirə salınması barədə təklifini dəstəkləyirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Müsavat Partiyası sədrliyinə keçmiş namizəd Yadigar Sadıqlı razılaşdırılmamış aksiyanın təxirə salınmasını doğru addım kimi dəyərləndirib.

Y.Sadıqlı qeyd edib: "Cəmil Həsənli 2 noyabr mitinqini təxirə salmağı təklif edib. Zənnimcə, doğru addımdır. Ümumiyyətlə, mitinqin belə erkən vaxta təyin olunması tələsik və o qədər də uğurlu olmayan addım idi".

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun "28 may" stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.

Milli.Az