İranlı səyyah velosipedlə dünya səyahətinə çıxıb

1 Noyabr 2019 02:30

İrandan olan soydaşımız Behzad Fəyyazi Savalan dağının ətəklərindən başladığı yolla bütün dünyanı velosipedlə qət etmək niyyətindədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Behzad Fəyyazi velosipedlə dünya turuna çıxmağı çoxdan arzulasa da, işi bunu reallaşdırmağa imkan verməyib. Səfər çətinliklərini bildiyi üçün uzun müddət bu sahədə məşqlərindən də qalmayıb. O, əvvəlcə İranın daxilində 8 min kilometr ərazini qət etdikdən sonra dünya səyahətinə çıxmağa qərar verib.

Üç gündür ölkəmizdə olan soydaşımız hər gün 70-80 kilometr yol qət edir. Səfərinin əsas məqsədi isə insanları və fərqli mədəniyyətləri daha yaxından görməkdir.

Behzad Fəyyazi səfər təəssüratlarını belə izah edib: "Yol boyu pula qənaət etmək üçün çatdırda gecələməyə üstünlük verirəm. Yalnız yuyunmaq lazım gəldikdə otellərə müraciət edirəm. Ümumilikdə isə velosipedlə səfərə çıxmaq nə qədər maraqlı olsa da, bir o qədər çətindir".

Yol boyu daha çox çərəzlər və meyvə şirələri ilə qidalanan səyahətçi əsas çətinliklərin qış aylarında yarana biləcəyindən ehtiyat edir. O, zərurət yaranacağı təqdirdə səfər edəcəyi ölkələrdə qısa fasilələrlə yolunu davam etdirəcəyini bildirib.

Milli.Az