Ekspertdən kreditlərlə bağlı TƏKLİF

31 Oktyabr 2019 16:43

Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na dəyişikliklər edib. Bu qaydaların təsdiqində məqsəd real sektora daha çox kredit ayrılmasına nail olmaqdır.

Milli.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb. O bildirib ki, artıq kiçik və orta sahibkarlara və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələri azaldılıb: "Risk dərəcələrinin azaldılması banklara onların mövcud kapitalları çərçivəsində daha çox biznes krediti vermək imkanı yaratmaqla toplanmış resursların həmin sahələrə yönləndirilməsini daha maraqlı edir. Dəyişikliklərdə, həmçinin, məsuliyyətli kreditləşmə və sağlam borclanma ilə bağlı həyata keçirilən prudensial siyasətin daha effektiv təşkili və spekulyativ halların aradan qaldırılması ilə bağlı məsələlər də öz əksini tapıb.

Belə ki, qaydalarda istehlak kreditləri üzrə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq differensial və daha sərt yanaşma tətbiq edilir. Tənzimləmənin bu formatda təşkili, banklar üçün biznes kreditləri ilə müqayisədə istehlak kreditlərinin verilməsinin cəlbediciliyini azaldacaq. Nəticədə, istehlak kreditlərinin artım tempi zəifləyəcək və əhalinin izafi borclanması məhdudlaşacaq. Bu isə bankları real sektoru maliyyələşdirməkdə daha maraqlı edə bilər.

Etiraf etmək lazımdır ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Prezidentin tapşırığından qısa müddət sonra yeni qaydalar təsdiq etməsi təqdirəlayiqdir. Ümid edək ki, qısa zamanda real sektora daha çox bank kreditlərinin yönəldilməsini müşahidə edə biləcəyik".

Milli.Az