Azərbaycanda yanacağın yoxlanılması üçün laboratoriya yaradılır
15 Aprel 2010 09:33
Milli.Az xəbər portalı "AzərTAc" dövlət agentliyinə istinadən xəbər
verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsinin sədri Ramiz Həsənov Nazirlər Kabinetində keçirilən
müşavirədə deyib. Onun sözlərinə görə, dövriyyəyə buraxılan yanacaq
məhsullarının Avropa standartları (Avro-2) əsasında bir sıra milli
standartlar hazırlanıb və onlar iyulun 1-dən tətbiq olunacaq.
Ramiz
Həsənovun sözlərinə görə, daxili bazarı keyfiyyətsiz məhsullardan
qorumaq məqsədi ilə mütəmadi olaraq monitorinqlər aparılır. Nəzarət
tədbirləri mülkiyyət formasından asılı olmayaraq bütün məhsul
istehsalçıları və idxalçılarını əhatə edir: "Monitorinqlər nəticəsində
hələ də bir sıra istehsalçılar və sahibkarlar tərəfindən keyfiyyətsiz
ərzaq məhsullarının istehsalı və respublikaya idxal olunması aşkar
olunur. Bununla bağlı tərəfimizdən qanunvericiliklə nəzərdə tutulmuş
müvafiq tədbirlər həyata keçirilir. Belə ki, insan həyatı və
sağlamlığına təhlükə yaradan, normativ sənədlərə uyğun olmayan qida
məhsulları istehsalçılarına və idxalçılarına qarşı ümumi dəyəri 97475
manat məbləğində cərimə sanksiyaları tətbiq olunub. Ölkədə istehsal
olunan və idxal yolu ilə gətirilən 40 ton qənnadı məmulatları, 888 ton
düyü, 10 ton süd məhsulları, 56 min litr alkoqolsuz içkilər və meyvə
şirələri insan sağlamlığı üçün təhlükəli olduğuna görə dövriyyədən
çıxarılaraq məhv edilib". Komitə rəhbəri bildirib ki, məhsullar
komitənin nəzdində fəaliyyət göstərən, müasir avadanlıqla təchiz olunan
və müvafiq təlimlər keçmiş ekspertlərə malik olan ərzaq
laboratoriyasında sınaqlardan keçirilir.
Eyni zamanda,
respublika ərazisində yerləşən 45 yanacaqdoldurma məntəqəsində
məhsulların keyfiyyətinə dövlət nəzarəti həyata keçirilib. Aparılmış
araşdırmalar nəticəsində 26 yanacaqdoldurma məntəqəsində nöqsanlar
aşkar edilib.
Milli.Az