“Günay Bank”ın keçmiş sədr müavininin məhkəməsi başladı

30 Oktyabr 2019 14:15

Bakı Ağır Cinayətlər Məhkəməsində "Günay Bank"ın keçmiş sədr müavini Emin Zeynalovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası noyabrın 5-nə təyin edilib. 

E.Zeynalov Cinayət Məcəlləsini 178.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilir. Cinayət işi üzrə 18 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. 

E.Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında yüksək vəzifəli məmurların da olduğu bildirilir. Mediada Emin Zeynalovun "Günay Bank"dan əmanətçilərin 100 milyon manata yaxın vəsaitini mənimsəməsi ilə bağlı məlumatlar yayılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) isə bankda hər hansı bir problemin olmaması ilə bağlı açıqlama yayıb. 

E.Zeynalov "BUSBank"ın (hazırkı "Kapital Bank") keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z.Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra "Finans Lizinq" ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb. 

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının dosentidir.

Milli.Az