Bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı ilə bağlı seminar keçirilib

24 Oktyabr 2019 12:26

Bələdiyyə seçkiləri ilə bağlı MSK-nın maarifləndirmə proqramı çərçivəsində oktyabrın 24-dən növbəti layihəyə start verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbir bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı prosedurlarına həsr olunub.

Seminarda MSK üzvləri və Katibliyin əməkaşları tərəfindən bələdiyyə seçkilərində namizədliyin qeydiyyatı üzrə qanunvericiliyin tələbləri, həmçinin namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurlarına dair müxtəlif mövzularda çıxışlar dinlənilib, əyani vəsaitlərdən istifadə edilməklə keçirilən təqdimatlarda mövzularla bağlı ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin tanışlıq məqsədilə hər bir iştirakçıya MSK-nın bələdiyyə üzvlüyünə namizədlər üçün hazırladığı yaddaş kitabçası təqdim edilib.

Genişmiqyaslı maarifləndirmə layihəsi kimi gerçəkləşdirilən bu tədbir dairə seçki komissiyalarının məlumatının artırılması və bələdiyyə seçkilərində namizədliyin irəli sürülməsi və qeydiyyatı ilə bağlı onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.

Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan seminar iki gün davam edəcək və ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyalarını əhatə edəcək. Tədbirlərdə seçki keçirilən dairələrin hər birindən iki təmsilçi - sədr və bələdiyyə üzvlüyünə namizədliyin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə dairə seçki komissiyaları nəzdində yaradılan işçi qrupunun rəhbərləri olmaqla, ümumilikdə 250-yə yaxın aşağı seçki komissiyası rəsmisi iştirak edir.

Milli.Az