Azərbaycan-CAR münasibətləri müzakirə edilib - FOTO

23 Oktyabr 2019 23:10

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq nazirinin müavini Elvin Bots ilə görüşüb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə edərək, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğuladılar.

İki ölkədə qarşılıqlı qaydada fəaliyyət göstərən diplomatik nümayəndəliklərin Azərbaycan- CAR münasibətlərinin inkişafında və siyasi təmasların saxlanılmasında oynadığı vacib rolu qeyd edən həmsöhbətlər onların mövcud əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə dair əminlik ifadə etdilər.

Qeyd olundu ki, həyata keçirilən qarşılıqlı ikitərəfli səfərlər və beynəlxalq forumlar çərçivəsində uğurlu əməkdaşlıq hər iki ölkənin mənafelərinə uyğun olaraq uğurla davam etdirilir. Bu mənada, Nazir E.Məmmədyarov CAR-a etdiyi səfəri bu əməkdaşlığın bariz nümunəsi kimi xatırladı.

Sonra E.Məmmədyarov Afrika İttifaqı ölkələri arasında CAR-ın Azərbaycan üçün əsas tərəfdaşlardan olduğunu məmnuniyyətlə qeyd edərək, enerji və digər sahələrdə əməkdaşlığa əlavə təkan verilməsinin vacibliyini qeyd etdi.

CAR rəsmisi, öz növbəsində, ticarət əlaqələrinin daha da fəallaşdırılmasının əhəmiyyətini vurğuladı.

Nazir E.Məmmədyarov, həmçinin QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətinə diqqət yetirdi.

Bununla yanaşı, tərəflər qarşılıqlı maraq doğuran digər qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Milli.Az