İman - əqidə, əməl və əxlaqdan ibarətdir

27 Oktyabr 2019 23:15

O kəslər ki, güman edirlər ki, həqiqi iman bəsit bir şeydir - onların təsəvvürləri batildir və dedikləri bürhansız və dəlilsizdir. (Erfan)
Quran ayələrindən və hədislərdən belə başa düşmək olur ki, iman üç həqiqətdən ibarətdir:

1. O etiqad və inanc ki, kökləri vardır.

2. Əməli həqiqət.

3. Əxlaq həsənəsi.

Həqiqi mömin o kəsdir ki, qəlbi düzgün etiqad, yəqin və inancla çırpar. Bütün bədən üzvləri saleh əməllə yaşıllaşıb və batini əxlaq həsənəsi ilə bəzənibdir.

Quranın nəzərində iman: "Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də öz malını,çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə yaxşılıq üç cəhətdən - etiqad, əməl və əxlaqdan ibarətdir)". ("Bəqərə" 177).

Quranın nəzərinə görə həqiqi mömin o kəsdir ki, səcdədə, rükuda, yatanda, duranda daima Allahı yada salar və səma və yerin yaranmasına dair düşüncələri düzgündür. Buyurur ki, möminlərin Allahdan istəkləri budur ki, onları cəhənnəm atəşindən hifz etsin. Allaha deyərlər: "Hər kimi atəşə atarsan, onu xarlığa düçar edərsən. Sənin ayələrinə zülm edənlərə heç bir yardım olunmaz".

Həmçinin deyərlər: "Ey Rəbbimiz! Həqiqətən biz "Rəbbinizə iman gətirin!" deyə imana dəvət edən bir çağırışçını(n dəvətini) eşitdik və iman gətirdik. Ey Rəbbimiz, buna görə də günahlarımızı bizə bağışla, pisliklərimizi bizdən təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür!". ("Ali-İmran" 193).

Quran buyurur ki, həqiqi möminlər o kəslərdir ki, namazda təvazökardırlar, yersiz işlərdən çəkinərlər, zəkatı verər və iffəti hifz edərlər. Əhdlərinə vəfadar və vacib namazı mühafizə edərlər.

İmam Əli (ə) buyurur: "Möminlər - hadisələr və müsibətlər, fitnələr qarşısında səbirli və vəfadardırlar. Xoşagəlməz hadisələr qarşısında igiddirlər. Bəlada səbir, rifahda şükür edən, Allah ruzisinə qanedirlər. Düşmənlərə zülm etməz, dostlarına ağır yük deyildir. İnsanlar ondan rahatdırlar, özünü insanların rahatlığı üçün məşəqqətə salar".

Həzrət Peyğəmbər (s) buyurur: "Mömin - xalis mənfəətdir. Əgər ona tərəf addım atsan, sənə fayda verər. Əgər onunla məsləhətləşsən, sənə fayda verər. Əgər onunla şərik olsan, sənə fayda verər. Möminin hər işi - xalis mənfəətdir".

Həzrət Peyğəmbər (s) mömin haqqında buyurur: "Hərəkətləri mülayim və lətif, onunla olmaq şirindir. İşlərin içərisindən ən üstününü istəyər. Əxlaqın ən alisini axtarar. Onunla düşmən olana zülm etməz, eşq bəslədiyi insana görə günah etməz, həyat qazancı az və insanlara yardımı çoxdur. Əməlini gözəl şəkildə yerinə yetirər. Sanki ona nəzarət edirlər. Harama göz bağlayar. Səxavətlidir, yoxsulu məhrum etməz, sözlərini seçilmiş deyər. Dili batil üçün laldır. Dostundan batili qəbul etməz. Bilikli olmaq üçün öyrənər. Əməl etmək üçün bilikli olar. Əgər dünya əhli ilə olarsa, onların ən zirəyi olar. Əgər axirət əhli ilə olarsa, onların ən dindarı olar".

İmam Sadiq (ə) buyurur: "Mömin səbirlidir ki, cahillik etməz. Əgər ona cahillik edilsə, səbir göstərər, zülm etməz. Əgər ona zülm olunsa, güzəşt edər, xəsislik etməz. Əgər ona xəsislik edilsə, səbir edər".

Bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, iman - əqidə, əməl və əxlaqdan ibarətdir. Mömin o kəsdir ki, bu üç həqiqətə malik olar. Əgər insan bu məqama çatarsa, hər bir məxluqun şərəflisi və üstünü olar. "Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: "Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam"". ("Bəqərə" 30).

"Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə - peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla - birlikdədirlər. Onlar gözəl dostlardır". ("Nisa" 69).

Allah Təala bizləri imanda qərar versin.

Milli.Az