Mübariz İbrahimovu təhqir etməkdə ittiham olunan Nərmin Şahmarzadəyə HÖKM OXUNDU

23 Oktyabr 2019 12:19

Xətai Rayon Məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, N. Şahmarzadə 400 saat islah işlərinə məhkum edilib. 

Xatırladaq ki, ötən proses  xüsusi ittihamçının nümayəndəsi, vəkil Ramil Rüstəmov çıxış edərək məhkəmədən N.Şahmarzadənin 3 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, N.Şahmarzadə ötən il dekabrın 5-də yazdığı statusdan bir neçə gün sonra Facebook profilində canlı yayımda Milli Qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib. Məhkəmə Milli Qəhrəmanın anasının şikayətini icraata götürüb. 

Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub.

Milli.Az