Nəsiminin Vətəni Şamaxıda 50 minədək ağac əkiləcək - FOTO

21 Oktyabr 2019 20:29

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Şamaxı rayonunda 50 minədək ağac əkiləcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Şamaxı Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.

RİH-dən bildirilib ki, artıq ağacların əkilməsi üçün yerlər müəyyən edilib. Onların 9 ərazidə əkilməsi nəzərdə tutulur.

Kütləvi ağacəkmə tədbirlərinə hazırlıq məqsədilə ağacların əkiləcəyi sahələr hamarlanır, çalalar qazılır. Bununla yanaşı, əkiləcək ağacların suvarılması üçün infrastrukturun qurulması istiqamətində işlər görülür.

Kütləvi ağacəkmə tədbirləri çərçivəsində Şamaxıda əsasən, Eldar şamı, bəzi sahələrdə isə sərv-kiparis-sərv ağacının əkilməsi nəzərdə tutulur.

Milli.Az