Paşinyanin müttəfiqləri niyə narazidirlar?

19 Oktyabr 2019 19:35

"Paşinyan, bəlkə də, müasir Ermənistan tarixinin ən populyar lideridir. O, ölkəni əvvəlki rüşvətxor, avtoritar rejimlərdən miras qalan "bataqlıqdan" xilas edəcəyini bildirib. Əhalinin bütün təbəqələri bu vədi böyük ruh yüksəkliyi ilə qarşılayıb. Lakin xalqın dəstəyi iki başlı dəyənək kimidir, Paşinyan isə bu vaxta qədər potensial ağrılı islahatları keçirmək üçün ondan həvəssiz istifadə edib", - "Eurasianet.org" saytının Türkiyə və Qafqaz üzrə redaktoru Coşua Kuçera (Joshua Kucera) və İrəvanda işləyən jurnalist Ani Meclumyan (Ani Mejlumyan) yazır.

"O, ən çox populyarlığına və narahatlığı ucbatından yol verdiyi səhvlərə görə əndişələnir, - nazirliklərin birində çalışan məmur anonimlik şərti daxilində portala bildirib. - O, cəmiyyətin dəstəkləməyəcəyi mürəkkəb məsələlərdən qorxur".

Milli.Az xpressa.net-ə istinadən bildirir ki, əsaslı dəyişikliklər ağrılı kompromis tələb edəcək. "Yəqin özünüz də eşitmisiniz ki, Nikol üçün "birinci", "misli görünməmiş" olmaq, "ona qədər edilməyən işləri görmək", tarixdə rol oynamaq böyük əhəmiyyət kəsb edir", - deyə məmur əlavə edib.

"Əyani nümunələrdən biri məhkəmə islahatıdır. Paşinyan fəaliyyətə başlayan kimi ilk növbədə məhkəmə sisteminin əvvəlki hökumət tərəfindən təyin edilən şəxslərdən təmizlənməsinə, korrupsiya və insan hüquqlarının pozulması ilə mübarizəyə diqqət ayırıb. Ancaq islahat insan hüquqlarının təcrübəli, hörmətli müdafiəçisi, amma "Anrapetutyan" kimi başqa müxalif partiyanı təmsil edən ədliyyə naziri Artak Zeynalyanın rəhbərliyi altında yavaşıyıb", - məqalədə deyilir.

Nəşr xatırladır ki, iyunda Zeynalyanı 28 yaşlı Rüstəm Badasyan əvəzləyib: "Sonuncu həmin vaxtadək Paşinyanın şəxsi vəkili kimi fəaliyyət göstərib. Ondan sonra icmalçılar nazirlikdə canlanma qeydə alıblar. Oktyabrın 10-u ədliyyə nazirliyi məhkəmə, seçki və konstitusiya islahatlarından ibarət geniş proqram işə salıb, həmçinn əvvəlki rejimlərin dövründə insan hüquqlarının pozulması hallarının araşdırılması ilə bağlı orqan yaradıb".

"Hakimiyyətin ləngliyindən narazılıq əhalinin böyük bir hissəsini əhatə edib. Mayda Beynəlxalq Respublika İnstitutu tərəfindən keçirilən sorğu göstərib ki, əhalinin 60%-i siyasi və iqtisadi islahatların "tez" keçirilməsini istəyir. Paşinyan tənqidə cavab verməli olub", - müəlliflər yazır.

"Mənim təəssüratım və fikrim belədir ki, sürətli islahatlar baş tutmayan islahatlardır, - baş nazir iyunda deyib. - 90-cı illərin əvvəllərində bir neçə parlaq və strateji əhəmiyyətə malik islahatlar ona görə nəticəsiz qalıb ki, həmin islahatların  müəllifləri tez bir zamanda onları Ermənistana tətbiq etmək istəyib. Həmin islahatlar bugünədək reallaşdırılmayıb və Ermənistan indiyədək həmin islahatların uğursuzluğunun ağır nəticələrini ödəyir".

Mənbə qeyd edib ki, mövqeyin müəyyənləşdirilməsi, ardınca yekdil səsvermə məqsədilə daxili müzakirənin aparılma siyasətinin "Mənim addımım" hakim alyansı tərəfindən qəbul edilməsi nəticəsində bu cür mübahisələr üzə çıxmır.

Lakin, bildirilir ki, hökumətin bəzi üzvləri bu fikirlə razı deyil: "Biz yalnız əksəriyyətin xoşuna gələn islahatları davam etdirə və buna görə tərif eşidə bilmərik. Bizim beynəlxalq öhdəliklərimiz var".

Milli.Az