“Azərlotereya” ötən il təxminən 30 milyon manat gəlir əldə edib

14 Aprel 2010 18:11
Bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin saytında yayılan "M&J Accuracy Consulting" MMC-nin auditor rəyində deyilir. Ötən il "Azərlotereya" ASC tərəfindən dövlət büdcəsinə 1 mln manat dividend, vergilər üzrə isə 5489,2 min manat vəsait ödənilib.

Səhmdar Cəmiyyətin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə müasir tipli lotereya terminalları və lototronlar alınıb, kompüter şəbəkəsi müasir proqramlarla təmin olunub.

Audit nəticəsində Səhmdar Cəmiyyətində mühasibat uçotunun qanunvericiliyə uyğun aparıldığı, mühasibat uçotu və illik balansın qanuni göstərişlərə, eləcə də nizamnaməyə uyğun olduğu müəyyən edilib.

2009-cu ildə "Ailə sevinci", "5+1", "Yeni Binqo", "Bahar sevincləri" tirajlı layihələr davam etdirilib, "May sevincləri", "Avto şou", "5x36" tirajlı lotereyalar üzrə yeni layihələr həyata keçirilib, "5x36" tirajlı lotereya biletlərinin yayımı Azərbaycan Respublikası ərazisində xüsusi satış məntəqələrində quraşdırılmış lotereya terminalları vasitəsilə aparılıb.

/Trend/