Toyota Mirai modelinin ikinci nəsli debütə hazırdır - FOTO

17 Oktyabr 2019 23:58

Toyota Mirai sedanı hidrogenlə çalışan güc qurğusuna malik olan ilk kütləvi avtomobildir. Yapon şirkəti dörd il ərzində on min Mirai modelini satdığını bildirib. Avtomobil sənayesinin ölçülərinə görə bu rəqəm cüzi təsir bağışlasa da, hidrogen yanacağı ilə hərəkətə gələn avtomobilləri təklif edən digər istehsalçılarda demək olar ki bu da yoxdur.

Milli.Az autograph.az-a istinadən bildirir ki, gələn ay Tokyoda keçiriləcək avtosalonda Toyota şirkəti Mirai modelinin ikinci nəslini nümayiş etdirməyi planlaşdırır. Toyota Prius modelinin əsasında hazırlanmış cari nəsil Miari sedanını yaraşıqlı adlandırmaq olmaz. Deyəsən, Toyota şirkətində artıq bunu anlayıblar və yeni hidromobili daha emosional və cəlbedici etmək qərarına gəliblər. İstehsalçı alıcıların Mirai modelini təkcə ekoloji təmizliyinə görə deyil, həmçinin bütün keyfiyyətlərinin cəminə görə seçməsini istəyir.

Nəticədə, Mirai modelinin Prius ilə qohumluq əlaqələrinə son verilib. Yeni sedan arxaçəkişli TNGA-N platformasında inşa edilibdir ki, bu platforma həmçinin Toyota Crown modelinin əsasını təşkil edir. Nəcib nisbətlər, arxaya doğru çəkilmiş salon, 20-düymlük təkər diskləri Toyota Mirai sedanının daha cəlbedici olmasına xidmət edir.

Cari nəsil ilə müqayisədə yeni modelin təkər bazası 140 mm uzanıb. Mirai modeli əvvəlkindən 85 mm uzun, 70 mm enli və 65 mm alçaq olub. Müvafiq olaraq, Toyota Mirai modelinin qabarit uzunluğu 4975 mm, eni - 1885 mm, hündürlüyü - 1470 mm, təkər bazasının uzunluğu isə 2920 mm təşkil edir.

Avtomobilin interyeri də ciddi şəkildə dəyişib: cihazlar paneli olan baş ekran artıq mərkəzdə deyil, sürücünün qarşısında yerləşir. Multimedia sistemi üçün isə ayrıca 12,3-düymlük sensorlu displey nəzərdə tutulub. Salondakı yerlərin sayı dörddən beşə qədər yüksəlsə də, arxa çəkiş və mərkəzdəki tonnel heç də məkanın artırılmasına xidmət etmir.

Tokyoda Mirai sedanı konsept statusunda çıxış edəcəkdir. Bu səbəbdən də, istehsalçı texniki təfərrüatlarla bölüşməyib. Toyota yalnız yeni nəsil elektrokimyəvi generatorun tətbiq edildiyini və yürüş məsafəsinin 30% artırıldığını bildirib. Bu artım çənə yüklənən hidrogenin tutumunun artırılnması sayəsində də baş verib.

Məlumdur ki cari Toyota Mirai modeli NEDC dövründə 650 km qət edir. Müvafiq hesablamar yürüş məsafəsinin 845 km  olacağını göstərir. Reallıqda bu rəqəmlər bir qədər az olmalıdırlar. İstənilən halda, Mirai modelinin bizim bazardakı perspektivləri yox səviyyəsindədir. Çox heyif...

Milli.Az