Böyük yazıçı, şair, esseist Edqar Allan Po təkcə sənətlə deyil, həyatı ilə bağlı qəribə və mistik hadisələrlə də məşhurdur.
Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, Edqar Allan Po 1809-cu ilin 7 oktyabrında Amerikada dünyaya gəlib. Hələ yeriməyə başlamamış anasını itirib, ardınca atası onu tərk edib. Beləliklə, gələcək yazıçını övladlığa götürüblər.
Po pişiklərə çox bağlı idi. Şeir yazarkən siyam cinsindən olan pişiyi çiynində, yaxud başının üstündə saxlayardı. O, düşünürdü ki, bu vəziyyətdə ilhama gəlir və yazmağa konsentrasiya ola bilir.
Onun ölümündən sonra da şeir yazdığı deyilir. İnandırıcı deyil, amma bəzi araşdırmacılar bunu reinkarnasiya ilə əlaqələndirir. Lizzie Doten adlı kahin bir qadın Edqar Allan Ponun məzarı başında onunla ünsiyyətə girdiyini iddia etmişdi.
Ölümündən 14 il sonra, 1863-cü ildə həmin qadın hamını inandırmağa çalışırdı ki, "Mənəvi həyatdan şeirlər" kitabını ona Ponun ruhu diktə edib.
Hadisənin ən qəribə tərəfi odur ki, şeirləri oxuyan tədqiqatçı, tənqidçi və oxucular həmin şeirlərin həqiqətən Edqar Allan Ponun dəsti-xəttinə uyğun gəldiyini bildirirlər.
Edqar Allan Po gəncliyində yaşını gizlədərək orduya qatılmışdı. 18 yaşında özünü 22 yaşda təqdim eləmişdi. 27 yaşında olarkən 13 yaşlı qohumu Vircinya Klemm ilə evlənir. Bioqrafiya araşdırmacılarının yazılarında qeyd olunur ki, onlar arasında evlilik münasibəti olmayıb. Qardaş-bacı kimi birlikdə yaşayıblar. Vircinya Klemm vərəmdən dünyasını dəyişib.
Edqar Allan Ponun cənazə törənində 7 nəfər iştirak etmişdi. Hətta bəzi qaynaqlara görə, cənazəyə qatılanların sayı cəmi 4 nəfər olub.
Başının üstündəki qara buludlar ömrü boyu - ölümündən sonra da - onu tərk etməmişdi. Məzarının üstündəki başdaşını relsdən çıxan qatar əzmişdi. Po uzun illər babasının Baltimordakı ərazisində işarəsi belə olmayan bir qəbrdə yatdı.
2009-cu ildə ölümündən 160 il sonra ona, nəhayət ki, layiqincə cənazə törəni keçirilir. Dünyanın dörd bir yerindən minlərcə insan Baltimorda olan cənazəyə qatıldı.
Onun sevdiyi bütün qadınlar erkən dünyasını dəyişmişdi. Mərhum sevdiklərinə mistik yanaşırdı.
Po qaranlıqdan qorxmasına baxmayaraq yaradıcılığında qaranlıq və qorxu dolu ab-hava var. Qaranlıq qorxusunun başlıca səbəblərindən biri getdiyi məktəbdə dərslərdən birinin qəbiristanlıqda keçiriliməsi idi. Direktor riyaziyyat dərsinin açıq havada, qəbirlərin arasında keçirilməyini tələb edirdi. Çünki məktəb kasıb idi, dərsliklər çatışmırdı.
Edqar Po qazanmağa ehtiyac duysa belə, heç vaxt jurnalistika ilə məşğul olmadı.
Yaratdığı əsərlərdə mistik və qorxunc şəkildə gələcəyi görmək qabiliyəti vardı. Məsələn, bir hekayəsində gəminin heyəti tərəfindən Riçard Parker adlı oğlanın yeyildiyindən bəhs edir. Qəribə təsadüfdür ki, 1884-cü ildə batmaq üzrə olan bir gəminin heyəti Riçard Parker adlı bir gənci yeyirlər.
Başqa bir hekayəsində beyinin ön tərəfinin zədələnməsi ilə sosiapat bir adama çevrilən gəncdən bəhs olunur. 8 ildən sonra bu hekayə gerçəyə çevrilir. Beyinin ön hissəsində sosial idrakın təsiri aşkarlanır.
Nəhayət, Edqar Po Biq Banq nəzəriyyəsinin irəli sürülməsindən səksən il əvvəl yazdığı bir şeirdə genişlənən kainatın bir hissəcikdən qəfil işıqla meydana gəldiyini söyləyir.
Milli.Az