Ümid edirəm ki, yarışlarda yaxşı nəticə göstərəcəyəm - Azərbaycanlı gimnast

11 Oktyabr 2019 07:14

İsmayıllı rayonundan olan gənc azərbaycanlı gimnast Nazlı Mirzəliyeva bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi çərçivəsindəki çıxışından razı qalıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə gənc gimnastımız deyib.

N.Mirzəliyeva bildirib ki, çıxışı yaxşı keçib:

"Keçən il beşinci bədii gimnastika üzrə Regionlararası Kubokda çoxnövçülük proqramında nəticələrimə görə ikinci yeri tutdum. Ümid edirəm ki, bu ilki yarışlarda da yaxşı nəticə göstərib kürsüyə yüksələcəyəm".

Nazlı Mirzəliyeva əlavə edib ki, Bakıdakı Milli Gimnastika Arenasında idmançılar üçün hər cür şərait yaradılmışdır:

"Milli gimnastika arenası çox gözəldir, burada çıxış etmək xoşuma gəlir. Burada bizim üçün hər cür şərait yaradılmışdır".

Qeyd edək ki, oktyabrın 10-da bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.

Dörd günlük yarışda gimnastlar gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Milli.Az