Məşqçi: "Milli Gimnastika Arenasında gimnastlar üçün gözəl şərait yaradılıb"

10 Oktyabr 2019 19:17

Mənim yetirmələrim yarışlarda qalib gəlmək istəyir, amma həmişə hər şey asan olmur.

Milli.Az bildirir ki, bunu Trend-ə Gəncə-Naftalan Sağlamlıq Mərkəzinin bədii gimnastika üzrə məşqçisi Larisa Aulina deyib.

O bildirib ki, 26-cı Azərbaycan və Bakı birinciliyi və 6-cı bölgələrarası kubok məsuliyyətli yarışlardır:

"Mən məşqçi kimi öz yetirmələrimi dəstəkləyirəm, onlara deyirəm ki, ən əsası yaxşı çıxış etmək və bacarıqlarını göstərməkdir. Bizdən müxtəlif yaş qruplarında on gimnast iştirak edir. Milli Gimnastika Arenasında həmişəki kimi təşkilatçılıq gözəldir, hər şey yüksək səviyyədə keçir. Burada gimnastlar üçün gözəl şərait yaradılıb və hər zaman çıxış etmək xoşdur".

Qeyd edək ki, bu gün bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.

Dörd günlük yarışda gimnastlar gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Milli.Az