Min evli Kəsəmən və İsrafil Ağanın evi - REPORTAJ - VİDEO - FOTO

11 Oktyabr 2019 04:30

Yetmiş səkkiz yaşlı Ağstafa sakini tez-tez uzaq yol qət edib qədim yurdunun - Kəsəmənin unudulmaqda olan tarixi abidələrinə baş çəkməyə gəlir. Onu buna sövq edən 52 ildir qoyub getdikləri tarixi abidələrdir - iki məscid, bir qala, bir də vaxtilə kəndin kovxası olan İsrafil ağaya məxsus ev.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kür çayının sağ sahilində yerləşən Qıraq Kəsəmən kəndinin ərazisində Erkən Tunc dövrünə aid yaşayış məskənləri, bir neçə qədim yaşayış yeri aşkarlansa da, hələ də tədqiq olunmayıb. Qədim yurd yerinin adı əvvəl Qala boz olub, daha sonra Qıraq Kəsəmən adlanıb. Toponimin tarixi adı təxminən 300 il bundan əvvələ gedib çıxır. Tarixçilərin bildirdiyinə görə, kənd öz adını XIV əsrdə Osmanlıların Anadoluda varlığına son qoyduğu Qaraman bəyliyini təşkil edən tayfalardan birinin adından götürüb. XVIII əsrin sonu - XIX əsrin əvvəllərində kənddə 2000-ə yaxın ev vardı. Buna görə də kəndə Min evli Kəsəmən də deyilib.

Tez-tez dörd kilometrlik yolu qət edərək anadan olduğu doğma kəndinə baş çəkən 78 yaşlı Puşkin Qarayev deyir ki, ata-baba yurduna gəlib hündür təpədə oturur və kəndə, onun abidələrinə tamaşa edir: "Bu gün kənddə 4 abidə qalıb. Bu abidələr Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi siyahıya alınıb. Onlardan ikisi məscid, biri qala, biri də İsrafil ağanın evidir".

Müsahibimiz deyir ki, dünyaya bu yurdda göz açıb. Lakin sovet hakimiyyətinin onların yaşadığı ərazidə Kür çayı üzərində su elektrik stansiyası tikmək istəyi kəndin köçürülməsi ilə nəticələnir. 1967-ci ildən başlayaraq kənd rayon mərkəzinə yaxın əraziyə köçürülür. O vaxtdan bu günə kimi əksər kənd sakinləri tez-tez doğma yurdu ziyarət edirlər. Puşkin Qarayev ən çox İsrafil ağanın evinə baxmağa gəlir. Çünki bu ev o vaxtlar kənddə təhsil ocağı, daha sonra tibb məntəqəsi kimi fəaliyyət göstərib.

İsrafil ağa Qazax qəzasında tanınmış bəylərdən, xeyriyyəçilərdən biri idi. Gördüyü işlərlə nəinki öz kəndində, hətta bütün Qazax qəzası, Borçalı, Göyçə mahalları, Gəncə və İrəvan quberniyalarında da böyük nüfuz qazanmışdı. O, kəndə ara-sıra basqınlar edən erməni və gürcü oğru dəstələrinin basqınlarının qarşısını almışdı. Onun xəbəri və icazəsi olmadan hətta bir çar məmuru belə kəndə gələ bilməzdi. Kovxası olduğu kəndin vergisini həmişə özü ödəyərdi. Əvəzində isə kənd sakinlərindən mal-pul yox, bir-biri ilə mehriban dolanmağı və oğurluq etməməyi tələb edərdi. Buna riayət etməyənləri isə cəzalandırardı.

Puşkin Qarayev bildirir ki, İsrafil ağa ilə Qaçaq Kərəm bir müddət dost olublar. Bu dostluq, eləcə də aralarında sonradan yaranan mərdanə düşmənçilik onların adına dastanlar qoşulmasına gətirib çıxarıb.

İsrafil ağanın evi kəndin yüksək ərazisində yerləşirdi. Dörd tərəfində pəncərələri olan 200 kvadratmetrlik ev idi. Tikintisində yumurta sarısından, gil qatından, kərpic və çay daşından istifadə edilib. Kənddən 100 metr yüksəklikdə tikilmiş çoxpəncərəli ev ağaya nəinki kəndi, hətta ətraf əraziləri də nəzarətdə saxlamağa imkan verirdi.

Min evli Kəsəmən deyiminə gəlincə, həmsöhbətimiz vurğulayır ki, bu, çoxluq mənasındadır. Əslində, kənddə iki min ev olub. O, atası ilə olan söhbətini xatırlayaraq deyir: "Bütün evlər biri-birinə bitişik idi. Belə ki, damların üstü ilə kəndin sonunadək getmək olurdu. Ona görə də kənd Min evli Kəsəmən deyə tanınırdı".

İsrafil ağanın evinin bu gün bərpaya ehtiyacı var. Bu barədə sorğumuzu cavablandıran Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirdi ki, İsrafil ağanın evi yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələr siyahısına daxil edilib. Bu tarixi ev 2020-2023-cü illərdə bərpa olunacaq abidələrin siyahısına salınıb.

Hazırda təkcə bölgədə Kəsəmən sakinlərinin saldığı 20-dən çox kənd var. Hətta İrəvanda belə Kəsəmən adı ilə kəndlər olub.

Milli.Az