Özünün 30 yaş cavan halıyla üzləşən snayperçi, motosikletlə "dava", baş tutmayan "Gemini" layihəsi - FOTO

10 Oktyabr 2019 11:07

Milli.Az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (12-ci say) təqdim edir:

Niyə müharibələrdə yüzlərlə insan ölməli? Niyə tək qalan qadınlar, ailə başçıları və ya başqaları intihar etməli? Niyə kimlərsə döyüşdə ağrı hiss etməli, əziyyət çəkməlidir?..

Bəzi peşəkar aktyorlar (aktrisalar) var ki, keyfiyyəti kəmiyyətdən üstün tuturlar. Onlar qazanacaqları puldan daha çox çəkildikləri filmin ssenarisinə önəm verirlər. Bu səbəbdən də bəzi filmlər sırf həmin məşhura görə izlənilir, tamaşaçılar filmi izləmədən də onun yaxşı olacağını proqnozlaşdırırlar. Uill Smit də belə aktyorlardandır.

4 dəfə "Qremmi", 5 dəfə "Qızıl qlobus"mükafatı alan Uill Smit "Gemini man" filminin baş rol ifaçısıdır. O, ekran işində iki obrazı, həm özünü, həm də özündən 30 yaş kiçik "oxşar"ını canlandırıb. Qrim işi o qədər uğurlu alınıb ki, ilk baxışda obrazları eyni adamın canlandırdığına inanmaqda tərəddüd hissi yarana bilər.

Yarıfantastik, yarı dram janrında olan film ABŞ istehsalıdır. Kadrların çoxu Corciya ştatında və Budapeşt şəhərində çəkilib. Kinonu yarıfantastik adlandırmağıma səbəb isə ssenarinin klonlama layihəsi üzərində qurulmasıdır. Bu məsələnin reallığı isə mübahisəli məsələ olaraq qalır.

Məlumat üçün bildirim ki, ilk dəfə klonlaşdırılan canlı Dolli adlı qoyun olub. Lakin bu klon uzun müddət yaşaya bilməyib. İddialara görə, hazırda bir neçə insan klonu olsa da, gizlədilir. Səbəbi isə insanın klonlaşdırılmasının qadağan olması ilə bağlıdır. Ona görə də heç bir alim yaratdığı klonu rəsmən etiraf etmir. Lakin bir çox mənbələr təsdiqləyir ki, ən azı Şərqi Avropada 3 nəfər klon insan var, onların yaranmasında məşhur "Dolli" metodundan istifadə edilib.

Bu vaxta qədər belə tərzdə işlənməyən mövzunun fantastik formada deyil, realmış kimi qabardılması filmdə diqqət çəkən məqamlardandır. Sanki, ABŞ film vasitəsiylə "biz artıq klonlanmış insanlardan istifadə edirik" demək istəyir.

Filmə görə ABŞ "Gemini" (əkiz və ya klon) layihəsi ilə özünə "ölümsüz" ordu qurmaq istəyir. Onlar düşünür ki, xüsusi lobaratoriyalarda yaradılan klonlar hissiyatsız və ağrısızdır. Bununla da, onlar öz vətəndaşlarını müharibələrdən qoruyacaqlar.

Kino həm döyüş, həm də sürət, macəra, "bayk" sevənlərə daha maraqlı gələ bilər. Çünki ekran işində təxminən 15 dəqiqəlik motosiklet və 5-6 dəqiqəlik dava səhnələri yer alıb. İlk dəfə bu filmdə motosikletlə adam döymə səhnələri ekranlaşdırılıb. Həmin səhnələri izləyərkən həyəcandan "oturacağa yapışmamaq" mümkün deyil. Motosiklet üzərindəki təhlükəli kadrlarda Vil Smitin üzünün görünməsindən aydın olunur ki, bəzi riskli səhnələrə də elə özü çəkilib. Elə bəlkə də bu cəhətlərinə görə o, Hollivudda ən çox qazancı olan aktyorlardan biridir.

Agentin öz klonu ilə üzləşdiyi səhnəni filmin klüminasiya nöqtəsi hesab etmək olar. Bundan sonrakı kadrlarda nələrin baş verəcəyini proqnozlaşdırmaq çətin olmur.

Fimdə qətiyyən 18+, erotik səhnələrə yer verilməyib, söyüş yoxdur. Bu müsbət cəhətlərinə görə "Gemini"ni ailəvi baxıla biləcək filmlər siyahısına salmaq olar. Amma kinonu anlamaq yüksək intellekt tələb etdiyindən, film uşaqlar üçün mənasız gələ bilər.

Filmin ssenarisindən əlavə, çəkilişi də uğurlu alınıb. 4K effekti ilə çəkilən film "3D" formatına uyğunlaşdırılıb. Peşəkar operator işi kadrlardan sıxılmağa imkan vermir. Sualtı kadrların möhtəşəmliyi, drondan uğurlu və yerində istifadə təkcə mövzudan yox, görüntüdən də zövq almağa şərait yaradır.

Təxminən 2 saat davam edən filmi "Google" istifadəçilərinin 85 faizi bəyənib. Ekran işi barədə yazılan təriflər, tənqidlərdən çoxdur. Filmin çəkilişi üçün 138 milyon dollar xərclənib.

Bir sözlə, kino Azərbaycan, Türkiyə və Asiya filmləri ilə eyni tərəziyə qoyulmayacaq qədər yaxşı alınıb. Digər janrda çəkilən Amerika filmlərinə nisbətdə zəif olsa da, öz janrına aid filmlər sırasında 2019-un ən yaxşısı hesab etmək olar. 

Qeyd edim ki, ötən gün "Park cinema" kinoteatrlar şəbəkəsinin dəstəyi ilə "Park bulvar"da "Gemini" filminin premyerası baş tutub. Təqdimatda tanınmış modellər, jurnalist və bloqerlər iştirak ediblər. Dj ilə müşayiət olunan tədbirdə qonaqlara furşet və maraqlı şou da təqdim olunub. Film bugündən etibarən "Parkcinema" kinoteatrlarında nümayiş olunacaq.

Milli.Az