Bu film də "Oskar" mükafatına iddiaçılar siyahısında yer alıb

9 Oktyabr 2019 18:49

"Xarici dildə ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına iddiaçıların siyahısına özbək rejissoru Umid Xamdamovun "İsti çörək" bədii filmi də düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Oskar" təşkilatının şərtlərinə görə, xarici film ABŞ ərazisindən kənarda çəkilməli, oradakı dialoqlar xarici dildə aparılmalı, kinolent 40 dəqiqədən çox olmalıdır.

Bu ekran əsəri Özbəkistanda münsiflər heyətinə təqdim edilən altı filmin içərisindən seçilib.

Xatırladaq ki, "İsti çörək" filmi "Kinoşok" festivalında əsas mükafata layiq görülüb. Filmdə çəkilən aktrisa Firuzə Saidova "Ən yaxşı qadın rolu"na görə mükafat alıb.

92-ci "Oskar" festivalının qalibləri 2020-ci ilin fevralında mükafatlandırılacaq.

Milli.Az