Google tiktokun rəqibini almaq niyyətindədir

10 Oktyabr 2019 21:10

Google şirkəti TikTokun rəqibi Fireworku satın almaq üçün danışıqlar aparır. İstifadəçilərə 30 saniyəlik videolarını başqaları ilə bölüşməyə imkan verən tətbiq TikTok-a bənzərliyi ilə diqqəti cəlb edir, lakin TikTok-dan daha yaşlı bir auditoriyaya sahibdir.

Milli.Az techland.az-a istinadən bildirir ki, Google və Firework satış qiymətləri barədə hələ danışmayıblar, amma məbləğ 100 milyon dollardan çox olacaq.

Bununla belə, qeyd etmək lazımdır ki, danışıqlar hələ iki tərəfin də razılığı ilə nəticələnməyib. Danışıqlar zamanı alışdan başqa tərəfdaşlığın digər fərqli yolları da müzakirə olunur.

Yeri gəlmişkən, Google Fireworku almağı düşünən yeganə şirkət deyil. Çinin Twitteri olaraq da bilinən Weibo da həmçinin şirkətlə maraqlandığını bildirib. Bununla birlikdə, Google ilə edilən danışıqların Weibo ilə olan danışıqlardan daha çox inkişaf etdiyini söylədi.

Milli.Az