Asif, Vasif, Ağasifin "atası" anılacaq

14 Aprel 2010 15:01
Aprelin 17-də saat 12.00-da Uşaq Kino Evində Azərbaycanın görkəmli kinorejissoru və kinooperatoru əməkdar İncəsənət xadimi, Dövlət Mükafatı laureatı Rasim İsmayılova həsr olunmuş xatirə gecəsi, rejissorun uşaqlar üçün çəkdiyi "Asif, Vasif, Ağasif" filminin nümayişi və filmin yaradıcı heyətilə görüş keçiriləcək.

Qeyd edək ki, 1962-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun operatorluq  fakültəsini bitirən Rasim İsmayilov, yaradıcılığa "Azərbaycanfilm" kinostudiyasında başlayıb. Televiziya animasiya filmlərinin yaradıcılarından sayılır "Danışan işıqlar",  "Qırmızılar, qaralar və başqaları", "Prometey-69" kimi cizgi filmlərinə ssenari müəllifliyi və rejissorluq etmişdi.

Rasim İsmayılovun kino debütü 1964-cü ildə "Kimi daha çox sevirik" kino almanaxda və "Dağ meşəsindən keçərkən" novellası olub. Daha sonra, "Yaşamaq gözəldir,  qardaşım", "Yenilməz batalyon", "Torpaq, dəniz, od, səma", "Sevil", "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Gün keçdi",  "Nəsimi", "Dədə Qorqud", "Dörd bazar günü", "Xoşbəxtlik qayğıları", "Sevinc buxtası", "Babək" və s. filmlərin quruluşçu operatorudur.

Rejissor işləri qalereyasına isə rejissorun  "Şir evdən getdi", "Anın quruluşu",  "İşgüzar səfər",  "Asif, Vasif, Ağasif", "Sizi  dünyalar qədər sevirdim", "Alman klinikasına şəxsi səfər", "Tələ" və s. bədii filmləri daxildir.

Qeyd edək ki, Uşaq Kino Evi (UKE) Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Dövlət Film Fondunun nəzdində yaradılıb. UKE-nin  yaradılmasında əsas məqsəd uşaqların kinematoqrafiya sənətinə olan marağını artırmaq üçün vaxtaşırı bir sıra görüşlər, müsabiqələr təşkil etmək, asudə vaxtlarını səmərəli keçirməyə şərait yaratmaqdan ibarətdir.

S.Babayeva
Milli.Az