Azərbaycan BMT-yə yeni qətnamə layihəsi təqdim edib

10 Noyabr 2011 13:07
Azərbaycan və Ruanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin genişləndirilməsi ilə bağlı BMT-yə birgə qətnamə layihəsi təqdim ediblər. AzərTAc-ın məlumatına görə, sənəd BMT Baş Məclisinin 66-cı sessiyasının üçüncü komitəsinin iclasında açıqlanıb.

Sənədi təqdim edən Azərbaycanın nümayəndəsi bildirib ki, ruandalı həmkarı ilə birlikdə komitənin üzvlərinin sayının 85-dən 87-ə qaldırılmasını təklif edir. İqtisadi və Sosial Şura tərəfindən bu barədə 2011-ci il iyulun 28-də qərar qəbul olunmuşdur. Buna görə də Bakı mətn layihəsinin təsdiqlənməsini xahiş edib.

BMT-nin baş katibinə göndərilmiş məktubda Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev bildirib ki, Azərbaycan da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzv olmaq niyyətindədir. "Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının proqramına tamamilə sadiqdir. Azərbaycan qaçqınların statusuna dair 1951-ci ildə qəbul edilmiş Konvensiyaya və 1967-ci ildə qəbul olunmuş Protokola qoşulub. 1999-cu ildən 2007-ci ilədək Azərbaycan BMT-nin daimi komitəsində müşahidəçi qismində iştirak edib", - məktubda deyilir.

A.Mehdiyev onu da qeyd edib ki, Azərbaycan qaçqınların vəziyyətinin həm beynəlxalq və regional əməkdaşlıq yolu ilə, həm də milli səviyyədə yaxşılaşdırılmasına çalışır. Azərbaycan qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üçün həm beynəlxalq, həm də dövlət səviyyəsində fəaliyyət göstərir.

Milli.Az