Gürcüstanda ərzaq və gündəlik tələbat məhsulları bahalaşıb

4 Oktyabr 2019 07:07

Gürcüstanda ərzaq və gündəlik tələbat məhsullarının qiyməti artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında deyilir.

Bildirilir ki, sentyabrda ölkədə istehlak qiymətləri indeksi aylıq müqayisədə 1,7 faiz artıb. İllik müqayisədə isə qiymətlərdə 5,7 faiz artım qeydə alınıb.

Ötən ay ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 3,3 faiz, qənd, cem, bal, şokolad və qənnadı məmulatlarının qiyməti 1,6 faiz, süd, pendir və yumurtanın qiyməti 8,1 faiz, balığın qiyməti isə 0,8 faiz artıb. Meyvə və üzümün qiymətində 9,8 faiz, tərəvəzin qiymətində 2,7 faiz bahalaşma qeydə alınıb.

Ölkədə illik inflyasiya 6,4 faiz olub. İl ərzində ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 11,7 faiz, alkoqollu içkilər və tütünün qiyməti 14,6 faiz, nəqliyyat xərcləri 3,9 faiz, istirahət xərcləri 6,9 faiz, səhiyyə xərcləri isə 4 faiz artıb.

İqtisadçı ekspertlərin fikrincə, ərzaq və gündəlik istehlak mallarının bahalaşması, ilk növbədə milli valyuta GEL-in dollar qarşısında dəyərini itirməsi ilə bağlıdır. Ekspertlər hesab edirlər ki, dünya bazarında benzin və dizel yanacağının qiymətlərindəki dəyişiklik də istehlak mallarının qiymətinin artmasında mühüm rol oynayıb.

Milli.Az