Azərbaycan taekvondoçuları Xorvatiyada beş medal qazanıblar

8 Noyabr 2011 20:07
Azərbaycanın taekvondo üzrə yığma komandası Xorvatiya açıq çempionatında ("Croatia open") beş medal qazanmışdır.

AzərTAc xəbər verir ki, baş məşqçi, əməkdar məşqçi Ələkbər İmaməliyevin rəhbərliyi altında Zaqrebə yollanan 14 taekvondoçumuzdan ikisi qızıl medal qazanmışdır. London Olimpiadasına lisenziyanı təmin etmiş Fəridə Əzizova (67 kq) finalda Elin Johanssona (İsveç), Elvin Məmmədov (74 kq) isə Əlireza Əziziyə (İran) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Fariz Əliyev (68 kq) isə yalnız finalda Filip Qrqiçə (Xorvatiya) məğlub olaraq turnirin gümüş medalçısı olmuşdur. Bundan başqa, Xəyalə Quliyeva (46 kq) və Təvəkkül Bayramov (87 kq-dan yuxarı) bürünc medal qazanmışlar.

Taekvondoçumuz Elvin Məmmədov yarışın ən taktikalı döyüşçüsü adına layiq görülmüşdür.

Milli.Az