Murad Dadaşov: «Əşi, o, kimdir ki, verilişə çağırıblar!»
14 Aprel 2010 11:56
- "Maşın" realiti-şousunun yubiley buraxılışına sayılı günlər qalır. Tamaşaçı üçün bu dəfə fərqli təqdimatınız gözlənilir?
- Əlbəttə. Əvvəla qeyd edim ki, realiti-şounun yubiley yayımının ilk günü mayın 11-nə təsadüf edəcək. Buraxılışa geniş heyətlə çox ciddi hazırlaşırıq. Yenə də "M qrup"un təqdimatında və mənim aparıcılığımla fərqli və yeni iştirakçılar, yeni dekorasiyalarla efirə çıxmağa hazırlaşırıq. Yüksək səviyyədə və maraqlı bir buraxılış gözlənilir.
- Yubiley buraxılışı ilə "Maşın" realiti-şouya son qoyulacağı xəbərləri gəzir. Əgər tələbat varsa, niyə dayandırırsınız?
- Sonuncu olacağı barədə konkret fikir bildirməmişəm. Hər realiti-şounu bitirəndə bu buraxılışı sonuncu hesab edirik. Və gözləyirik. Əgər tamaşaçıda yenidən maraq və tələbat yaranırsa, növbəti buraxılışa hazırlaşırıq. Günü-gündən artan və efirdə görünən maraqlı simaları biz "Maşın"ın ətrafına toplayırıq.
- Fikrinizdən aydın olur ki, "Maşın"ın ətrafında bu dəfə də incəsənət və şou-biznes nümayəndələri toplaşacaq?
- Bəli, bu, dəqiq belədir.
- Bəlkə ehtimala bir qədər yaxınlaşaq, yubileydə hansı fərqli simanı izləyə bilərik?
- Tanınmış simalar olacaq və əminliklə deyirəm ki, onlar birmənalı qəbul olunmayacaqlar. Adlarını belə eşidəndə fərqli rekasiyalar başlayacaq. Əminəm ki, bəziləri üçün deyəcəklər, "əşi, bu kimdir ki, onu verilişə çağırıblar?". Amma çox maraqlı olacaq. Həm də zaman keçdikcə, məsuliyyət artır. Bundan əvvəlki buraxılışlar bizə təcrübə qazandırır. Efirə təkrar baxır və zəif nöqtələri aradan götürürük. Maliyyə cəhətdən bu dəfə daha baha başa gələcək "Maşın"da yeniliklər də qaçılmazdır. Qalib üçün nəzərdə tutulan avtomobil də fərqli olacaq. Həmişə olduğu kimi "Lider" telekanalından efirə çıxacağıq.
- Yubiley buraxılışı olduğu üçün sənətçilərdən kiminsə təkrar iştirakçı kimi "Maşın"a qayıtmaq ehtimalı var?
- Bu dəfə olmayacaq. Amma sonrakı buraxılışda niyə də olmasın? Belə bir ideyamız var və çox güman ki, həllini tapacaq.
- Uzun illər KVN komandasının fəal iştirakçısı olmusunuz. Cəmiyyət arasında fəallığı ilə seçilən Murad Dadaşov KVN Teatrında aktyor kimi çıxış etmir. Amma onun çiyindaşlarından bu teatra cəlb olunanlar az deyil. Sizi isə nə səhnədə, nədəki tamaşaçılar arasında görə bilmirik. Niyə?
- KVN Teatrından tamaşaçı kimi dəvətimi alıram. Eyni zamanda mən buraxılışları səhnədən izləyə bilməsəm də, onun ekran variantı satışda olan zaman alıb, ailə üzvlərimlə birlikdə baxıram. Uşaqlarım hətta teatrın yeni personajlarını çox sevirlər. İştirakıma gəlincə, mən artıq özümü KVN-nin səhnəsində görmürəm. Ona görə yox ki, bunu özümə zəiflik və ya əskiklik sayıram, yox. Sadəcə, hesab edirəm ki, bu, həyatımda keçib gedən bir məqamdır. Artıq özümü televiziyaya bağlamışam və hazırda bu mühit mənə daha yaxın, daha doğma və daha maraqlıdır. Eyni zamanda mən KVN-nin yarışma həyəcanını yaşamışam. Bundan sonra isə KVN-ni adi bir konsert həyəcanı ilə sadəcə tamaşaçı qismində yaşamaq istəyirəm. Uşaqlar hər biri çox istedadlıdır, proqramları maraqla keçir, amma mən özümü orada görmürəm.
- Teatrdan təklif almamağınız mövqeyinizin bəlli olmağından irəli gəlir?
- Biz yarı baxışdan biri-birimizi anlayırıq. Çünki neçə illər bir səhnədə oynamışıq və xarakterimizə yaxşı bələdik. Hesab edirəm ki, mənim özümü orada görməməyimi uşaqlar da başa düşürlər. Bu gün məşğul olduğum sfera mənə əzizdir. Bunu nə KVN-ə, nədəki başqa peşəyə dəyişməzdim. KVN yaxşı idi, KVN gözəl idi. Deyirlər uşaq da körpəliyində çox şirin danışır. Amma o, 20-25 yaşında həmin şirinilklə danışsa, dərhal həkimə müraciət edərik. KVN də mənə doğmadır, əzizdir, baxanda köhnə xatirələr yada düşür. Amma mənim üçün keçilmiş bir mərhələdir və həmin dönəmə qayıtmaq istəmirəm.
- Ümumiyyətlə, KVN-də yaş məhdudiyyəti var?
- Bu, idman növü deyil ki, fiziki cəhətdən özünü görməyəsən.
- Bəhram Bağırzadə isə deyir ki, "40 yaşından sonra özümü KVN-nin səhnəsində görmürəm". Onun bu fikri yaş məhdudiyyəti ilə bağlıdır.
- Görmür, amma çıxış edir. Yox?
- Əvvəlcə gedəcəyini bəyan etdi, sonra isə məhəllənin uşaqlarından ayrı qala bilmədiyini söylədi. Son açıqlamasında isə deyib ki, gələn il KVN Teatrının 10 yaşı tamam olur. Orada da oynayandan sonra KVN səhnəsini tərk edəcək.
- Bəlkə ona belə yaxşıdır. Amma Bəhramı səhnədə görməyəndə, yeri görünür, ona zəng vurub bunun səbəbini soruşuram. Qayıdanda çox sevindim. İndiki seçimi də onun şəxsi fikridir.
- Bir müddət əvvəl rəhbərlik etdiyiniz "M qrup"un xətti ilə xaricdən respublikaya filmlər gətirib, tərcüməsi ilə məşğul olacağınızı, hətta burada serial çəkilişlərinin aparılması kimi ideyanızı ortaya qoydunuz. Amma həllini görə bilmədik.
- Şirkəti 2003-cü ildə yaratdım və bir müddət sonra belə bir fikir söyləmişdim. Şirkətdə çox istedadlı insanlar bir araya gəlib. Azərbaycanda bir sıra ilk layihələrə imza atmışıq. Filmlərə gəlincə, Azərbaycanda bədii və serial xarakterli filmlər üzərində çalışmağı, bu gün üçün gəlirli sahə və xeyirli iş hesab etmirik. Bu, mürəkkəb bir prosesdir. Bunu asan hesab edənlər, böyük səhvə yol verirlər. Bu həm də sırf istehsalata bağlı bir proses deyil. Burada texnologiya, maliyyə münasibətləri qurmaq kimi məsələlər tələb edilir. Bu gün prodüser mərkəzləri üçün yerli televiziya kanalları ilə maliyyə münasibətləri qurmaq bir o qədər də xeyirli iş deyil. Nadir hallar istisna olmaqla, heç bir televiziya kanalı prodüser mərkəzindən məhsul almır. Bu, gülünc bir məsələdir ki, mərkəz televiziyaya bir verilişi təqdim etmək üçün üstəlik pul da ödəyir. Bu və ya digər səbəbdən filmlərin televiziyalara təqdimatı məsələsini həyata keçirmədim. Amma bu işlə çox istərdim məşğul olum. Amma əməkdaşlarımı ideya ilə yedizdirsəm, heç kimin qarnı doymayacaq. Əslində, pulun olmamağından şikayət etmirəm. Televiziya kanallarını da başa düşmək lazımdır. Çünki hər hansı bir serialın bir bölümünün istehsalı ən azından 12-15 min manat tələb edir. Kanal isə reklamla bir seriyadan bunu qazana bilmir. Bu, bizim üçün də məğlubiyyətdir, hamı üçün də. Reklam bazarının vəziyyəti buna imkan verərsə, vəziyyət yaxşılaşacaq.
- Maliyyə imkanlarınızı dar çərçivədən çıxara bilsəniz, televiziya məkanında hansı boşluqları doldurmaq üçün sərf edərdiniz?
- Televiziya məkanında müəyyən qədər boşluqlar var. Bir məqamı nəzərə almaq lazımdır ki, xaricdə kifayət qədər reytinq toplayan veriliş, o demək deyil ki, Azərbaycanda da rəğbət qazana bilər. Publikadan çox şey asılıdır. Hesab edirəm ki, "Maşın" realiti-şousu kimi bir verilişlə biz həm də Rusiyadakıları təccübləndirə bildik. Onlar iki saat efir vaxtı ərzində bu qədər reytinqin toplana biləcəyinə təəccüblə yanaşırlar. Amma bəzi verilişlər var ki, fikirləşirik, bu, bizdə keçə bilər, yoxsa yox. Bu da yəqin, milli mənsubiyyətlə bağlıdır.
- "Maşın"ın bu qədər izlənilməsi yəqin ki, şou-biznesin bu qədər aktual olmasından irəli gəlir.
- Açıq danışaq. Siyasətdə, iqtisadiyyatda yaxşı mənada sakitçilikdir. Manat stabil olaraq qalır, bazarda makro-iqtisadi problemlər mövcud deyil. Ola bilər ki, şou-biznesə maraq bu baxımdan çoxalıb. Vay o gündən ki, o biri tərəflər bu qədər maraqlı olsun. Çox sevinirəm ki, siyasətdə qalmaqal yoxdur və bu baxımdan siyasət tamaşaçıya bir o qədər maraqlı deyil. Avropadan gələn adamlar danışır ki, bizdə insanlar siyasətçilərin adlarını belə bilmir. Ona görə ki, bu sahə problemsiz ötüşür. Bu baxımdan Azərbaycanda da, şükür ki, sakitçilikdir. Şou-biznesə isə böyük bir meyl yaranıb.
- Amma iki siyasətçi insanları maraqlandıra biləcək qalmaqal yaratsa, bu sahə də maraq dairəsinə çevrilə bilər?
- Bəli, bu, daha maraqlı olacaq (gülür). Amma mən deyirəm ki, qalmaqalı şou-biznes adamları öz aralarında aparsınlar. Siyasətçilər yox. Çünk şou-biznesin qalmaqalının nə sizin, nədəki mənim sabahkı günümə mənfi təsiri yoxdur. Siyasət isə daha çox bizim həyatımızla uzlaşır...
Xədicə
Milli.Az