Azərbaycanın şou-biznes əhli ad günündə - REPORTAJ - FOTOSESSİYA

8 Noyabr 2011 16:49
Məşhurların eyni məkanda görünməyinin səbəbi tanınmış şou yazarı TrendLife agentliyinin fotomüxbiri Şahin Cavadsoyun doğum günü oldu. Ən yaxın dostlarını başına toplayan jurnalist doğum gününü şou-biznes əhli ilə keçirməyi üstün tutdu. Ad gününün adı da fərqli idi - "Haleley-huleley". Tədbir elə adına uyğun keçdi.

Mərasimdə səbəbkarın həmkarları ilə yanaşı bir çox tanınmış simalar iştirak edirdi. Onların sırasında müğənnilər Sevda Yahyayeva, Günel Ələkbərova, Zarina Məmmədova, Sevinc Ağaşirinova, Ayan Babakişiyeva, Murad Sadıx, aparıcılar Nanə Ağamalıyeva, Zaur Nəbioğlu, Elgiz Əkbər, Zabir Əliyev, Murad, Kazım, stilist Samir Əliyev, Seva, rəqqasə Fatimə Fətəliyeva, ekstrasens Anar Abdullayev və başqaları.

Vur-çatlasın olan məclisdə şou-əhli o ki var əyləndi. Öz peşələrinə layiq davranan məşhurlar bacardıqları nə varsa ortaya qoydular. Mikrafon üstündə az qala dava gedən doğum günündə müğənnilər dayanmadan oxudular.

Mərasimin aparıcısı Zaur Nəbioğlu idi. O, çalışdığı "Rəngarəng" verilişinin kollektivi tərəfindən səbəbkara sürpriz etdi. Belə ki, ən çox toylarda səslənən məşhur "Can-cana" mahnısının ifaçısı ilk dəfə məhz bu doğum günündə üzə çıxdı. Efirlərdən uzaq gəzən Vüqar "şeytanın ayağını sındırdı" və ara mahnısı deyilən "Can-cana"nın ilk versiyasını dəfələrlə ifa etdi.

Mərasimdə ən çox maraq yaradan Günel Ələkbərova oldu. Müğənni ürəklə iştirak edirdi, o, gah oxudu gah da oynadı. Çəkilən fotolardan da görmək olar ki, məclis zamanı müğənni teleaparıcı Zabir Əliyevlə olduqca mehriban idi. Ən çox onunla rəqs edən Güneldən Zabir Əliyev də "doymurdu".

Müğənni Murad Sadıx isə məşhur "Sevməsəm ölərəm" mahnısını canlı olaraq ifa etdi. Öz ifası ilə bir çox qonaqları kövrəldən Murad səbəbkardan onunla duet oxumağı xahiş etdi. Beləcə qonaqlar jurnalistlə müğənni duetinin şahidi oldular.

Stilist Samir Əliyev isə hər zaman olduğu kimi qeyri-adi hərəkətləri və maraqlı rəqsləri ilə yadda qaldı. Bütün qonaqlarla oynayan Samir rəqs meydançasını boş qoymadı.

Rəqqasə Fatimə də adına layiq çıxış etdi. O, dayanmadan rəqs edirdi. Fatimə elə oynaya-oynaya da məkanı tərk etdi.

Qonaqlar sırasında olan müğənni Ayan Babakişiyeva isə masada sakitcə əyləşmişdi. Müğənni heç kimə qaynayıb qarışmasa da, geyindiyi maraqlı şalvarı ilə diqqət cəlb etdi.

Hər kəs üçün olduqca şən keçən mərasimdə bir teleaparıcı Nanə Ağamalıyevanın üzü gülmədi. Heç ad günü abhavasında olmayan Nanə isə ad günündə yarım saat oturdu. Yerindən tərpənməyən və kefsiz görünən Nanəni qapıdan çıxarkən yaxaladıq və kefsiz olmağının səbəbini soruşduq: "Bu gün qardaşımın rəhmətə gedən günüdür. Ona görə belə haldayam. Çox oturmaq istəmirəm" - deyərək getdi.

Mərasimdə iştirak edən Sevinc Ağaşirinova isə solğun görünsə də, o ki var əyləndi. Müğənni yedi-içdi, oxudu və oynadı.

Müğənni Zarina isə nədənsə utanırdı. O, digər qonaqlar kimi oynamırdı. Səssizcə kənarda əyləşmişdi və yalnız iki mahnı ifa etməklə kifayətləndi.

Qonaqlığa "qapıdan girib, pəncərədən çıxan" isə Sevda Yahyayeva və Elgiz Əkbər oldu. Simalar səbəbkarı təbrik edərək, mərasimi tərk etdilər.

Gecənin ən maraqlı anı isə DJ Çinanın gəlişi zamanı yaşandı. Ritmik mahnıları ilə şou-biznes əhlinin ayağa qaldıran Çinanın sintezlərinə heç kim biganə qalmadı.

Onu da qeyd edək ki, saat 12-də bitən ad gününün bir çox iştirakçıları gecə klublarının birinə yollanaraq səhərə kimi əyləndilər.

Mələk
Milli.Az












































































































































































Foto: Mələk