Misir KİV-ləri "Müsəlman qardaşlar"ı qondarma videokadrların və feyk xəbərlərin yayılmasında ittiham edir

22 Sentyabr 2019 00:45

Misir KİV-ləri ölkədə fəaliyyəti qadağan edilmiş "Müsəlman qardaşlar" hərəkatının tərəfdarlarını sosial şəbəkələr və onların nəzarətində olan KİV-lər vasitəsilə ölkədə kütləvi etirazlar təşkil etmək cəhdində ittiham ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sosial şəbəkələrdə və "Müsəlman qardaşlar"ın nəzarətində olan telekanallarda guya "Təhrir" meydanında və Misirin digər şəhərlərində kütləvi etiraz aksiyalarından kadrlar olan videoçarxlar yayılır. Söhbət ölkədə vəziyyəti pozmaq məqsədi ilə 2011-2013-cü illər dövründə baş vermiş hadisələrin köhnə kadrlarından və digər qondarma videoçarxlardan istifadə olunmasından gedir.

Nəşr yazır ki, Qahirənin "Təhrir" meydanında və şəhərin mərkəzində vəziyyət sakitdir, insanların bir yerə toplaşması ilə bağlı heç bir fakt müşahidə olunmur, yol açıqdır.

"ExtraNews" peyk kanalı "Təhrir" meydanından birbaşa yayım həyata keçirir. Burada aydın görünür ki, vəziyyət sakitdir, avtomobillər adi rejimdə hərəkət edir.

Milli.Az