Firuzə İbadovanın aktrisa bacısı - Məhbəs həyatı yaşamış Rəhilə İbadova - FOTO

21 Sentyabr 2019 15:24

20 sentyabr tarixi aktrisa Rəhilə İbadovanın doğum günüdür. Ekranlarda nümayiş etdirilən bir sıra tamaşalardan tanıdığımız aktrisa Rəhilə İbadova Əməkdar artist, tanınmış müğənni Firuzə İbadovanın bacısıdır.

Milli.Az modern.az-a istinadən bildirir ki, Rəhilə İbadova 1951-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1986-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1969-cu ildən həbs olunanadək (37 ildən artıq) Abdulla Şaiq adına Dövlət Kukla Teatrında səhnə ustası və aktrisa işləyib. "Tıq-tıq xanım", "Cırtdan" və bir çox nağılın qəhrəmanlarını oynayıb. Deyilənə görə, hələ də həmin teatrda onun oynadığı rollar heç kimə verilmir. Lider TV-də dublyaj olunan cizgi filmlərinin səsləndirilməsində iştirak edib, "Adam ol" filmində çəkilib.

Rəhilə İbadova 1970-ci ildə ailə qurub, beş uşaq anasıdır. 1999-cu ildə həyat yoldaşı vəfat edib.

Yuxarıda qeyd etdiyimiz kimi, aktrisa Rəhilə İbadova məhbəs həyatı yaşamağa da məcbur olub. R.İbadova tənha qocaların etibarından sui-istifadə edərək, onları aldadıb mənzillərini ələ keçirməkdə təqsirləndirilən dəstənin üzvlərindən biri kimi ittiham olunaraq həbs olunmuşdu. Aktrisa 2006-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib (sonradan Bakı Apelyasiya Məhkəməsi işi 8 ilə endirib). Cəza çəkdiyi dövrdə həbsxanadakı Dram Dərnəyinin rəhbəri olub. Aktrisa vaxtından əvvəl - 2013-cü il dekabrın 11-də azadlığa buraxılıb.

Rəhilə İbadova həbsxanadan çıxanda mətbuata verdiyi açıqlamada həbs olunmağına görə müstəntiqi günahlandıraraq demişdi: "Düzgün iş aparmadı. Həm pulum getdi, həm canım".

Aktrisanın müğənni bacısı Firuzə İbadova isə həmin vaxtlar bu hadisə haqda danışarkən "onu bu günə salanları görüm ondan da o yana getsinlər. Mənim adımı batırdılar, amma tam ləkə yaxa bimədilər" söyləmişdi...

Aktrisa Rəhilə İbadova hazırda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyətinə davam edir. 

Sentyabrın 15-də teatr yeni mövsümün açılışını edib. Teatra gələn tamaşaçılar "Cırtdan"a Azərbaycan dilində baxıblar. Birhissəli kukla tamaşasında rollardan birni teatrın aparıcı aktyoru Rəhilə İbadova ifa edib.

Milli.Az