Bu gün Zöhrə Ağamirova Olimpiya oyunlarına vəsiqə üçün mübarizə aparacaq

20 Sentyabr 2019 14:11

Sentyabrın 20-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının 5-ci yarış günü başlayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün 24 gimnastın iştirakı ilə çoxnövçülük üzrə final keçiriləcək.

Yarışların yekununda qaliblərlə yanaşı, Olimpiya oyunlarına vəsiqə qazanan 16 gimnastın adı məlum olacaq.

Çoxnövçülük finalında Azərbaycanı Zöhrə Ağamirova təmsil edəcək.

Yarışlar saat 14:30-da start götürür və iki qrupda keçirilir. Əvvəlcə B qrupunda (təsnifatda 13-24-cü yer tutmuş gimnastlar), sonra isə A qrupunda (təsnifatda 1-12-ci yer tutmuş gimnastlar) yarışlar keçəcək.

Z.Ağamirova dörd hərəkətin yekununda 60.050 xalla 21-ci yer tutduğu üçün B qrupunda çıxış edəcək.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Milli.Az