Muğam Mərkəzində Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib - FOTO

20 Sentyabr 2019 15:22

Sentyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Milli musiqi gününə həsr olunmuş "Xəlqilik, millilik, beynəlmiləllik" adlı tədbir keçirilib.

Milli.Az xəbər verir ki, tədbirdə ilk olaraq sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının Üzeyir Hacıbəyliyə həsr olunan "Akademik Üzeyir Hacıbəylinin elmi fəaliyyətindən səhifələr" adlı kitabı təqdim olunub.

Təqdimatda iştirak edən Mədəniyyət naziri Əbülfəs Qarayev yeni nəşrlə tanış oldu.   Beynəlxalq Muğam Mərkəzi tərəfindən "Təhsil" nəşriyyatında çap olunan kitabda dahi bəstəkar Üzeyir bəyin Azərbaycan Elmlər Akademiyasında çalışdığı dövrdən bəhs edilir. AMEA və Üzeyir bəyin ev muzeyinin fondundan əldə edilən məlumatlar əsasında təqdim edilən kitabda  bəstəkarın akademik fəaliyyəti öz əksini tapıb. Məlumdur ki, akademiyanın İncəsənət institutu Üzeyir bəy tərəfindən yaradılmış, direktoru da məhz bəstəkarın özü olmuşdur. burada təkcə musiqi sahəsi deyil,  teatr, ədəbiyyat, dilçilik məsələləri həllini tapmışdır. Daha sonra nazir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifalarını dinləyib. Nazir Milli musiqi günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladı. Daha sonra tədbir ədəbi-bədii gecə ilə davam edib.

Konsertdən əvvəl bildirildi ki, 18 sentyabr xalqımız üçün böyük bayramdır. Dahi Üzeyir Hacıbəylinin doğum gününü xalqımız Milli musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir bəyə borcludur. Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olub. Azərbaycan, rus və dünya klassik incəsənətinin ənənələrini dərindən qavrayan bəstəkar doğma xalqının mədəniyyətini yüksəklərə qaldırmaq məqsədilə yorulmadan yazıb-yaradıb.

1908-ci ilin yanvarında tamaşaya qoyulmuş ilk Azərbaycan operası "Leyli və Məcnun"un müəllifi yeddi il ərzində bir-birinin ardınca beş opera, üç operetta yaradıb. "Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Arşın mal alan" xalq arasında tezliklə geniş şöhrət qazanıb və indiyə qədər səhnəmizdə müvəffəqiyyətlə tamaşaya qoyulur. Bu əsərlərin uğurlu davamı olaraq dahi bəstəkar Azərbaycan operasının şah əsəri olan "Koroğlu"nu yaratdı.

Bu dövrdə Ü.Hacıbəyli respublikamızda musiqi təhsilini inkişaf etdirməyə, gənc kadrların təhsil almasına, klassik və xalq musiqisini öyrənib bədii xüsusiyyətlərini meydana çıxarmağa, müasir musiqi formalarını yaymağa, müxtəlif musiqi kollektivlərini yaratmağa müvəffəq olub.

Bildirildi ki, təqdim edilən "Xəlqilik, millilik , beynəlmiləllik" adlı konsert proqramında Üzeyir bəyin məhz bu mövzularda ərsəyə gətirdiyi əsərlərdən nümunələr öz əksini tapıb.

Konsert proqramında əməkdar artistlər Səbuhi İbayev, Bəyimxanım Vəliyeva, Nərgiz Kərimova, Anar Şuşalı və xanəndələr Rəvanə Qurbanova, Səbinə Ərəblinin  ifasında bəstəkarın şah əsərlərindən nümunələr səsləndirildi. Solistləri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə "Buta" instrumental ansamblı müşayiət edib. Konsertdə "Koroğlu" operasından "Cəngi" rəqsi, "Arşın mal alan" operettasından Tellinin nəğməsi "Sən o yanda, Yar bu yanda", "Bənd oldum", Əsgərin ariyası və s. nümunələr alqışlarla qarşılanıb.
Tədbirdə musiqi ictimaiyyətinin nümayəndələri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları, məcburi köçkün ailələrinin üzvləri iştirak edib.

Milli.Az