Bakıda qayda pozan sərxoş şəxsi polis cərimələdi

19 Sentyabr 2019 20:24

Bakı Şəhər Baş Polis İdarəsi sentyabrın 18-də paytaxtın Nərimanov rayonunda sərxoş şəxsin dava salması ilə bağlı məlumatı araşdırıb.

Milli.Az xəbər verir ki, İdarənin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında bildirib ki, məsələ tam və hərtərəfli araşdırılıb: ""Facebook" sosial şəbəkəsində Elman Abbasov adlı istifadəçinin şəxsi hesabında "Mənim polisim məni qoruyur" başlığı altında, yaşadığı ünvanda baş verən münaqişəyə polisin müdaxilə etməməsi barədə paylaşım edib.

Vətəndaşın müraciəti üzrə Bakı Şəhər Baş Polis İdarəsində aparılan araşdırma zamanı müəyyən edilib ki, sentyabrın 18-də, saat 02:10 radələrində Nərimanov rayonunda, "Montin" bazarının arxasında yaşayan dostunun evinə qonaq gələn, 1993-cü il təvəllüdlü Sənan Yaqubov "orta dərəcəli alkoqol sərxoşluğu" vəziyyətində ictimai qaydanı pozduğuna görə, Nərimanov RPİ Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq 18-ci Polis Şöbəsinə aparılıb.

Əməlində inzibati xəta tərkibi olduğu müəyyən edilən vətəndaş barəsində İXM-nin 521-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, 150 manat məbləğində cərimə olunub".

Xidmət rəhbəri bildirib ki, E.Abbasovun polislə bağlı qeydləri həqiqətə uyğun deyil, heç bir dəqiqləşdirmə aparmadan əsassız yazılıb.

Milli.Az