Azərbaycanlı güləşçilər - Mahir Əmiraslanovla Hacı Əliyev Qazaxıstanın paytaxtı Nur-Sultanda bürünc medal qazanmaq şansı əldə edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hər iki idmançımızın uduzduğu dağıstanlı güləşçilər finala çıxdığından, onlar dünya üçüncüsü ola və Tokio Olimpiadasına birbaşa vəsiqə qazana bilər.
Bunun üçün hər iki idmançımız sabah təsəlliverici görüşlərə qatılacaq. 57 kq-da mübarizə aparan II Avropa Oyunlarının qalibi Mahir Əmiraslanov ilk belə görüşündə monqolustanlı Bexbayar Erdenebatla görüşəcək. Üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev (-65 kq) isə misirli Əmr Ramazan Hüseynlə qarşılaşacaq.
Qeyd edək ki, bu gün 65 kq-da mübarizə aparan bolqar legionerimiz Elis Manolova bürünc medal görüşünə çıxacaq. Onun rəqibi həmyerlisi Yuliana Yaneva olacaq.
Milli.Az