Aşura məktəbində namaz dərsi

21 Sentyabr 2019 22:45

Ustad Qiraəti İmam Hüseynin (ə) qiyamına işarə edən zaman, namaza verdiyi əhəmiyyət barəsində danışmış və demişdir: "İmam Hüseyni (ə) zikr edənlər, onun namazı əvvəl vaxtda qılmağına aid məktub yazmışdılar ki, onun mətni ilə tanış olaq:

"Bismilləhir-Rahmənir-Rəhim!

Bu məktub, İmam Hüseyn (ə) zikr edənləri tərəfindəndir. Quran böyük surəsinin ("Bəqərə") əvvəlində buyurur: "O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır(haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər". ("Bəqərə" 3).

Həmçinin kiçik surəsində ("Kövsər") namazdan söz açır: "Odur ki, (şükranlıq üçün) Rəbbinə itaət et və namaz qıl". ("Kövsər" 2).

İmam Hüseyn (ə) Kərbəlada namazını iqamə edirdi.

Qurani-Kərim Həzrət Peyğəmbərə (s) müharibə cəbhəsində namazı öyrədir: "(Təhlükə zamanı) aralarında olub onlar üçün (xof) namaz(ını camaat namazı şəklində) qıldığın zaman, onlardan bir dəstə (sənin namazının birinci rükətində) səninlə birgə qalxsınlar (və namaz qılsınlar) və əlbəttə öz silahlarını da götürsünlər. Elə ki, səcdəyə getdilər (və namazın ikinci rükətini camaat namazı deyil, tək qılınan namaz niyyəti ilə tamamladılar, gedib) sizin arxanızda (düşmənin qarşısında) dursunlar və namazını qılmamış digər bir dəstə gəlsin və öz namazlarını sənin (ikinci rükətin)lə birgə qılsınlar. Əlbəttə gərək ehtiyatlı olsunlar və silahlarını götürsünlər. Çünki kafirlər istəyirlər ki, siz öz silahlarınızı və mallarınızı yaddan çıxarasınız, beləliklə də onlar qəfildən sizə hücum etsinlər. Əgər yağışdan əziyyət çəksəniz, yaxud xəstə olsanız, silahlarınızı yerə qoyaraq ehtiyat halında olmağınız sizin üçün günah deyildir. Həqiqətən Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır". ("Nisa" 102).

İmam Hüseyn (ə) də müharibə meydanında namazı iqamə etdi.

Quran namazı qeybdən olan enerji mənbəyi adlandırır və möminlərə buyurur: "Ey iman gətirənlər, səbir və namazdan kömək diləyin ki, həqiqətən Allah səbir edənlərlədir". ("Bəqərə" 153).

İmam Hüseyn (ə) o qədər çətinliyə baxmayaraq, namazdan kömək dilədi.

Quran namazı əvvəl vaxtda qılmağı tövsiyə edir: "Namazı (gündəlik vacib namazların dördünü - zöhr, əsr, məğrib və işa namazlarını və onların iyirmi iki rəkət nafilələrini) günəşin (hər bir kəsin öz məntəqəsinə uyğun olaraq günortanın tam yarısından) batmağa doğru meyl etməsinin əvvəlindən gecənin tam qaranlığına (gecə yarısına) qədər qıl və həmçinin sübh namazını (və onun nafiləsini də qıl). Həqiqətən sübh namazı (gecə və gündüz mələkləri tərəfindən yazılmaq üçün) müşahidə olunur". ("İsra" 78).

İmam Hüseyn (ə) də Aşura gününün zöhrü namazını əvvəl vaxtda iqamə etdi.

Həzrət Məsih (ə) nəfəsi olana qədər namaz qılmağa vəzifələndirilmişdi. "Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb". ("Məryəm" 31).

İmam Hüseyn (ə) də son nəfəsinə qədər namazla oldu.

Quran namazdan qafil olmayanları tərənnüm edərək, buyurur: "Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər. Onlar ürəklərin və gözlərin pərişan və fərqli olacağı gündən qorxurlar". ("Nur" 37).

İmam Hüseyn (ə) haqqında demək olar ki, həyatına aşkar təhlükə belə, onu namazdan qafil etmədi.

İmam (ə) xeyməsində namaz qıla bildiyi halda, cəmiyyət qarşısında dayanır və nizə, oxların əhatəsində namazını qılır. Söylədiyi hər kəlmənin qarşılığında ona tərəf bir ox və bir nizə atılırdı.

Həqiqətən namaz nədir ki, Tasua günü İmama (ə) hücum edilmək əmri verilən zaman namazına görə müharibəni bir gün təxirə salmışdı? Həzrət (ə) buyurmuşdu: "Mən namazı çox sevirəm".

İmam (ə) razı idi ki, mübarək bədəni parça-parça olsun, ancaq namazı ortada kəsilməsin. İmamın (ə) kəsilmiş başı nizədə Quran oxuyurdu. Yəni, başı bədənindən ayrılsa da, qəlbi Qurandan ayrıla bilmirdi.

Aşura günü iqamə olunan o böyük namazı yaddan çıxartmayın və namazlarınızı o cür ixlasla qılın"".

Milli.Az